Bakıda yaşayış binasında PARTLAYIŞ:  yaralananlar var - YENİLƏNİB
28 avqust 2025 09:45 (UTC +04:00)

Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralananlar var - YENİLƏNİB

28.08.2025-ci il tarixində saat 06:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayış binasında partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə 4 nəfərin (1-i qadın, 3-ü kişi cinsli) müraciəti qeydə alınıb.

Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib.

***

saat 08:15

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

06:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar