Bakıda polis öldürülən ana və övladlarının harayına çatmadı? – YOXLAMA BAŞLADI
21 fevral 2022 11:11 (UTC +04:00)

Bakıda polis öldürülən ana və övladlarının harayına çatmadı? – YOXLAMA BAŞLADI

Daxili İşlər Nazirliyi dünən paytaxtın Nizami rayonunda baş verən dəhşətli qətllə bağlı yayılan iddialara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb:

“Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.

Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, fevralın 20-də paytaxtın Nizami rayonunda ana və iki övladının qətlindən öncə evdən səs-küy gəldiyi üçün qonşular öncə qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər və polisə məlumat veriblər. İddiaya görə, hadisə yerinə gələn polis əməkdaşları səsləri eşitsələr də, “ailə münaqişəsidir, içəri girməyə ixtiyarımız yoxdur. Siz də dağılışın burada qalmayın” deyərək çıxıb gediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar