Fövqəladə Hallar Nazirliyi Bakıda “Qoç ət” restoranında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 09:31
Bakıda restoranda baş verən yanğın söndürülüb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
***
09:13
Binəqədi rayonu ərazisində yerləşən “Qoç ət” restoranında yanğın başlayıb.
Lent.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və yanğınsöndürən texnikası cəlb edilib.
Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür.