Xəbər verildiyi kimi ötən il noyabrın 4-də Sabirabad rayon sakini 35 yaşlı Günay Ağayevanın Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqla Mərkəzin həkim mama-ginekoloqu Naibə Mahmudova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, tibbi göstəriş olmasına baxmayaraq əməliyyatın gecikdirilməsi nəticəsində yeni doğulmuş uşağın ölmünə səbəb olan səhlənkarlıq edilməsinə, eləcə də doğumun gedişini və nəticələrini əks etdirən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Naibə Mahmudovaya Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.