Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 12:05
Masallıda körpə ölümü qeydə alınıb.
Lent.az-ın məlumatına görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 17 nyaşlı Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb.
Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
TƏBİB-dən verilən məlumata görə, iyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı 40 həftəlik dölün ( USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib.
Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04.00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub.