Türkiyədə xəndəyə çırpılaraq alovlanan avtomobildə həyatını itirən Aynur Yaşar və 5 uşağı Batmanın Kozluk rayonunda yan-yana basdırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan yaralanaraq sağ çıxan və xəstəxanada müalicə alan ata Mehmet Yaşar həkimin icazəsi ilə dəfn mərasiminə qatılıb.
Mərhum ana və 5 övladının məzarlarını fərqləndirmək üçün üzərinə rəqəmlərin yazılması diqqət çəkib. Qəza noyabrın 6-da axşam saatlarında Siirt-Kaltalan yolunun Gözpınar kəndinin Çay Geçit məhəlləsində baş verib. Mehmet Yaşarın idarəetməni itirdiyi "72 KA 229" dövlət nömrə nişanlı avtomobil kanala aşıb və alovlanıb.
Alov bütün avtomobili bürüyərkən ətrafdakıların xəbəri ilə sağlamlıq, xilasetmə və jandarma qrupları əraziyə sövq edilib. Yanğın söndürülərkən, Aynur Yaşar, uşaqları Beritan, Viyan, Bahoz, Cudi və Rodinin həyatını itirdiyi müəyyən edilib.
Qəzada yaralanan Mehmet Yaşar sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya qaldırılaraq müalicə altına alınıb.