DİN ABŞ və Britaniya vətəndaşlarının Bakıda döyülməsi ilə bağlı rəsmi məlumat yaydı
18 iyun 2011 16:40 (UTC +04:00)

DİN ABŞ və Britaniya vətəndaşlarının Bakıda döyülməsi ilə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) iyunun 15-dən 16-na keçən gecə Bakıda ABŞ və Britaniya vətəndaşlarının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Devies və Amerika Birləşmiş Ştatlarının vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

“Bununla əlaqədar həmin gün İdarənin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətdən zərər çəkmiş şəxslər dindirilmiş, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib”.

Məlumatda daha sonra qeyd olunur ki, cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və intensiv tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər Nazirliyin rəhbərliyinin nəzarətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar