Məişət texnikası və ya stolüstü səthlərdə yaranan xırda qüsurları cəmi yarım dəqiqəyə “silərək” aradan qaldırmaq mümkündür. Burada söhbət sehrdən yox, düzgün yanaşmadan gedir. Diş pastası yumşaq abraziv kimi işləyir və yalnız örtüyün üst, şəffaf qatını cilalayır. Bu üsul xüsusilə soyuducuların parlaq plastik səthləri, soba şüşələri və xrom detalları üçün idealdır.
Lent.az xəbər verir ki, rəngli zolaqlı və ya gel tərkibli pastalardan istifadə etsəniz, vəziyyəti daha da pisləşdirə bilərsiniz. Klassik ağ, tərkibində iri ağardıcı hissəciklər olmayan pasta seçilməlidir, çünki bu hissəciklər yeni mikro zədələr yarada bilər. Proses cilalama işinə bənzəyir.
Yumşaq və quru parçaya az miqdarda pasta sıxın və dairəvi hərəkətlərlə cızıqlı sahəni təxminən 30 saniyə işləyin. Pasta ağarmağa başladıqda prosesi dayandırmaq olar. Daha sonra səthi nəm salfetlə təmizləyin və dərhal qurulayın. Əks halda, çatlara dolmuş pasta ağ izlər buraxa bilər. Qeyd edək ki, bu üsul mat səthlərdə və taxta üzərində işləmir əksinə, yağlı ləkə effekti yaradır.
Taxta mebellər üçün isə ən yaxşı seçim mebel mumudur. Diş pastasından fərqli olaraq, mum səthi aşındırmır, əksinə boşluqları doldurur. O, bərk (karandaş kimi) və ya yumşaq pasta formasında satılır. Dərin cızıqlar üçün bərk mum istifadə olunur: o qızdırılır, ehtiyatla boşluğa doldurulur və artıq hissəsi spatula ilə təmizlənir.
Xırda cızıqlar üçün isə yumşaq mum barmaqla səthə sürtülərək tətbiq edilir. Ən böyük çətinlik düzgün rəng seçməkdir. Adətən, bir az tünd rəng seçmək daha yaxşıdır, çünki açıq ton cızığı daha da nəzərə çarpan edə bilər. Bəzi ustalar ideal rəngi əldə etmək üçün müxtəlif tonları qarışdırırlar. Mum dərhal effekt vermir tətbiqdən sonra təxminən 1 saat gözləmək lazımdır. Daha sonra səth yun parça ilə cilalanır ki, parıltı yaransın və mum möhkəm otursun. İnternetdə məşhur olan üsullardan biri də qoz ləpəsidir.
Bu, mif deyil qoz yağı oksidləşərək cızığı müvəqqəti gizlədir. Lakin bu effekt uzunmüddətli deyil və bir neçə gün sonra yox olur. Məişət texnikasına gəldikdə isə, diş pastası əsasən şüşə və plastik səthlər üçün uyğundur.
Paslanmayan poladda isə izlər buraxa bilər və onları aradan qaldırmaq çətin olur. Bu tip səthlər üçün xüsusi cilalayıcı vasitələr daha uyğundur.
Ən vacib qayda: həmişə əvvəlcə kiçik və görünməyən sahədə sınaq edin. Bu, bir cızığı aradan qaldırmaq istəyərkən daha böyük problem yaratmağın qarşısını alacaq. Hər bir evdə iki sadə, amma effektiv vasitə var: şüşə və plastik üçün diş pastası, taxta üçün isə mebel mumu. Onların düzgün istifadəsi sadə təmizliyi kiçik bir bərpa sənətinə çevirə bilər.