Yaponiyalı alimlər xoruzların gün doğarkən banlaması ilə bağlı araşdırma aparıblar.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, araşdırmaya rəhbərlik edən professor Takashi Yoshimura deyib ki, xoruzların ətrafdan gələn təsir, yoxsa bədən saatları ilə bağlı şəfəq vaxtı banladığını müəyyənləşdirməyə çalışıblar.
Bu məqsədlə bir neçə xoruz tamamilə qapalı və təbii işıq daxil olmayan bir otağa salınıb. Ancaq buna baxmayaraq, şəfəq vaxtı xoruzlar yenə də banlamağa başlayıblar. Takashi Yoshimura bildirib ki, bu, xoruzların ətrafdakı işıq amili ilə bağlı yox, bədən saatlarına uyğun olaraq banladığını təsdiqləyib. Alim xoruzların banlamasının sonradan vərdişə çevrilmədiyini, bunun genlərdən gələn bir reaksiya olduğunu qeyd edib.
Xoruzla bağlı araşdırmanın nəticəsindən məmnun qaldıqlarını söyləyən Takashi Yoshimura növbəti mərhələdə itlərin nə üçün hürdüyünü, pişiklərin miyovuldadığını öyrənməyə çalışacaqlarını nəzərə çatdırıb.