Fevralın 16-da Ankarada və Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisi, ordu generalı Necət Özəllə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya arasındakı görüşdə birgə hərbi təlimlərin keçirilməsi məsələsi müzakirə olunub.
APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə iki qonşu dövlətin hərbi-strateji tərəfdaşlıqla bağlı məsələlər əsas müzakirə mövzusu olub.
Bundan başqa Gürcüstan nümayəndə heyətinin üzvləri fevralın 16-da Türkiyə müdafiə sənayesinin nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.
Səfər çərçivəsində İrakli Alasaniya və nümayəndə heyətinin üzvləri Türkiyə parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbərliyi ilə də görüşüb.
Görüşdə hərbi əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə toxunulub. Türkiyə tərəfi Gürcüstanın NATO-ya üzv olmaq niyyətini dəstəklədiyini bildirib.