Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında geniş tərkibli görüş başa çatıb.
APA-nın məlumatına görə, söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.
Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.
***
ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş başa çatıb.
APA-nın məlumatına görə, görüş 48 dəqiqəyə yaxın davam edib.
Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək. Danışıqlara ABŞ-ın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılacaq. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edəcək.
***
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş başlayıb.
APA-nın məlumatına görə, danışıqlar Sentos adasındakı “Kapella” hotelində keçirilir.
D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib.
Bundan əvvəl Ağ Ev görüşün 45 dəqiqə davam edəcəyini bildirib. Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.