Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert bütün növ bitkiçilik məhsullarının Türkiyədən Rusiyaya gətirilməsinə tam qadağa qoyulacağını istisna etməyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz bitkiçilik məhsullarının Türkiyədən Rusiyaya tədarükünə məhdudiyyətlər tətbiq etməyə məcbur olacağıq. Bu bir ay ərzində baş tuta bilər”, - deyə Dankvert bildirib.
Onun sözlərinə görə, əvvəllər qadağadan söhbət getdikdə, Türkiyə nümayəndələri yaranan fikir ayrılıqları ilə əlaqədar danışıqlar aparmağa gəlirdilərsə, hazırda onlar məktublarla kifayətlənirlər. Məktublarda onlar pozuntuların aradan qaldırılması ilə bağlı lazımi korrektə tədbirlərinin aparıldığını bildiriblər. “Lakin, bazar bizimdir və siz bizi inandırmalısınız ki, bu tədbirlər kifayətdir. İnandıra bilmədirlər”, deyə Dankvert bildirib.
“Bu səbəbdən də biz ondan başladıq ki, hazırda məhsulların müəyyən hissəsinin tədarükünü bağladıq, tədricən isə addımlarımızı aşkarlandıqca atacağıq”, - deyə o bildirib.
“Əgər Türkiyə tərəfi ilə təmas, müzakirələr baş tutmayacaqsa biz bütün növ məhsullara qadağa tətbiq etməyə məcbur olacağıq. Siz ya gəlib müzakirə edirsiniz, yaxud da ki, özünüz öz yolunuzu seçirsiniz. Biz dilə tutmayacağıq”, deyə Dankvert əlavə edib.
Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Türkiyədən bir sıra bitkiçilik məhsullarının (sitrus meyvələri, üzüm, alma, armud, ərik, şaftalı və nektarin, çiyələk, pomidor, soğan, gül kələm, xiyar, brokolli, həmçinin, toyuq və hind toyuğu) ölkəyə tədarükünə qadağa qoyub. Bundan başqa. Martın 17-dən Türkiyədən Rusiyaya istiot və narın tədarükünə qadağa qoyulub.