“İran-Türkiyə əməkdaşlığı İslam birliyi yolunda vacib addımdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bizim əməkdaşlığımız İslam birliyi üçün çox vacibdir. Türkiyə 2 il İslam Əməkdaşlığı Təşkilatına sədrlik edəcək və biz, xüsusən, Fələstin problemi üzrə uğurlu qarşılıqlı fəaliyyət qura biləcəyik. Bizim üçün təriqət prinsipial deyil, əsas müsəlman olmaqdır. Mehribanlıq və qardaşlıq – budur əsil islam və biz bunu dünyaya nümayiş etdirməliyik”, - deyə Ruhani qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və İran arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, hər iki ölkə müxtəlif istiqamətlər üzrə, əsasən də, terrorçuluq və ilamofobiyaya qarşı mübarizə sahəsində birgə çalışmağa hazırdır.