Avqustun 31-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevin toy mərasimi keçiriləcək. Lent.az-ın Qazaxıstan KIV-ə istinadən verdiyi məlumata görə, mərasim Almatıdakı “Royal Tulip” otelində təşkil olunacaq.
23 yaşlı Aysultan Böyük Britaniyanın Sandherst Hərbi Kral Akademiyasının məzunudur. Hazırda Qazaxıstan Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı ştatında yer alan nəvə-Nazarbayevə bu yaxınlarda baş leytenant rütbəsi verilib. İngiltərədə ikən Aysultan “Portsmut” və “Çelsi” futbol klublarının gənclərdən ibarət komandalarında, vətənində isə “Astana”nın əvəzedici heyətində çıxış edib.
Onun xanımı 20 yaşlı Alimə Boranbayeva isə “KazRosQaz” Qazaxıstan – Rusiya birgə müəssisəsinin rəhbəri Kayrat Boranbayevanın qızıdır. Boranbayeva London Kartold Universitetinin tələbəsidir. O, incəsənət tarixi ixtisası üzrə təhsil alır. Alimənin babası məşhur aktyor Ənvər Boranbayevdir. Bu aktyorun şərəfinə Boranbayevlər ailəsinin əslən bağlı olduqları Arxalıqda kinoteatr da adlandırılıb.
Oteldən bildirilib ki, Aysultan və Alimənin toyu Qazaxıstan milli adət-ənənələrinə uyğun keçiriləcək. Birinci hissədə “Betaşar” (gəlinin duvağının açılması), “Neke kiyu” (müsəlman qaydasında nikahkəsmə), “Toybastar” (qonaqlara xatirə hədiyyələri və suvenirlərin verilməsi), “Bata beru” (nəslin ən yaşlı nümayəndəsinin xeyir-duası) olacaq. Bu zaman Qazaxıstanın incəsənət klassiklərinin əsərləri səsləndiriləcək.
Toyun ikinci hissəsində isə Qazaxıstan və xarici estrada artistlərinin iştirakı ilə ailəvi şam yeməyi olacaq. Qonaqlar qismində dünyanın ali dərəcəli ulduzlarından biri dəvət edilib. Amma onun adı açıqlanmır.
Toyun əsas qonağı isə şübhəsiz ki, Nursultan Nazarbayevdir. O, həyat yoldaşı Sara Alpısovna ilə birgə mərasimi açıq elan edəcək.
Qeyd edək ki, hazırda 73 yaşında olan Qazaxıstan prezidentinin 3 qızı (Dariqa, Dinarə və Aliyə), 3 oğul nəvəsi (Nurəli, Altay və Aysultan), 5 qız nəvəsi (Venera, Dənizə, Alişa, Tiara və Alsara), eləcə də Laura və Alan adlı qız və oğlan nəticələri var.