Cümə günü Misirdə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının etiraz aksiyası keçirilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində üç nəfər həlak olub, 30 –dan çox etirazçı yaralanıb.
Mənbənin xatırlamasına əsasən, «Müsəlman qardaşları» hərəkatı «Həlledici cümə» şüarı altında növbəti etiraz aksiyasını keçirib. Onlar çıxışlarında «hərbiçilərin devriliş» etməsinə etiraz edib.
Ölkənin bir neçə şəhərində, o cümlədən paytaxt Qahirədə mövcud rejim tərəfdarlarının yürüş zamanı yolları bağlanıb. Bu isə əks tərəflə onlar arasında qarşıdurmaya səbəb olub.
Qarşıdurma Qahirə ilə yanaşı, əz-Zakazik, Port – Səid şəhərlərində daha kəskin olub.
Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət rejimi elan olunub, ölkənin 14 şəhərində isə komendant saatı tətbiq edilib.