Bu gün saat 16:45 radələrində Qara dənizdə 4,5 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı İstanbul boğazı sahillərində olub.
İstanbulda da hiss edilən zəlzələnin ocağı 10,7 km dərinlikdə yerləşib. Seysmoloq Okan Tüysüz Qara dənizdə zəlzələ baş verməsini sürpriz kimi qiymətləndirib. O bildirib ki, zəlzələ baş verən bölgədə seysmoloqlara məlum olan lay yoxdur: “Bu bölgədə çoxlu sayda seysmik araşdırma aparılıb, dəniz altında müşahidə aparılması ilə bağlı sistem qurulub. Burada lay aşkarlanmayıb. Yerin təkində bir oturma hadisəsi ola bilər. Bu bölgədə zəlzələ baş verməsi bizim üçün də sürprizdir. Bu bölgədə uzun müddətli seysmik aktivlik, daha böyük zəlzələnin olacağını düşünmürük”.