İsraildə ölkə daxilində təhlükəsizliyə məsul olan “Şin Bet” kəşfiyyat qurumu ilə bağlı qalmaqal yaşanır.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin dünyadan sirr kimi saxladığı kəşfiyyat generallarının siyahısı bir çayçının sayəsində üzə çıxıb.
Başqa sözlə, “Şin Bet” kəşfiyyat qurumunda çalışan bir çayçı hansı generalın necə çay içdiyini unutmamaq üçün özü üçün bir siyahı hazırlayıb. Bu siyahının telefon ilə çəkilmiş surətini “Kanal 10” telekanalı əldə edib və telekanalda yayımlanıb. Bununla da İsrailin gizli kəşfiyyat qurumunda çalışan bir çox generalının adı və çalışdığı vəzifələr məlum olub. Məsələn, siyahıdan məlum olub ki, “Şin Bet” kəşfiyyat qurumunun rəhbərinin müavini Nadav Argmandır. Nadav Argman adının yanında “sərt, südsüz, tək şəkərli” sözləri yazılıb. Bu, çayçının generalın necə qəhvə içdiyini yadda saxlamaq üçün qeydidir. Ölkənin ən gizli qurumlarından birinin binasında belə sadə xətaya yol verilməsi İsraildə rişxənd mövzusuna çevrilib...