Hindistan hökuməti bütün dövlət qulluqçularına rabitə vasitəsi kimi “Gmail” elektron poçtundan istifadəni qadağan etmək niyyətindədir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin bu yaxınlarda verdiyi bəyanatlar fonunda hakimiyyətin məxfi hökumət informasiyasının təhlükəsizlik səviyyəsini artırmaq istəyi ilə əlaqədardır.
“The Times of India” nəşri Hindistan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yüksək vəzifəli nümayəndəsinin sözlərinə istinadən yazır ki, hökumətin 500 min əməkdaşı “Gmail” kimi serverləri ABŞ-da yerləşən elektron poçt servislərindən istifadənin qadağan olunmasını bildirən rəsmi bildiriş alacaq. Bunun əvəzinə isə əməkdaşlar Hindistan Milli İnformatika Mərkəzi (NIC) tərəfindən hazırlanan elektron poçtdan istifadə etməli olacaqlar. Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin katibi Cey Satyanarayana bildirib ki, “Gmail”in Hindistan istifadəçilərinin məlumatları başqa ölkələrdə saxlanır, çünki xidmətin serverləri Hindistandan kənarda yerləşir. Onun sözlərinə görə, hazırda məsələni dövlət səviyyəsində qaldırmağa hazırlaşırlar.
Bununla belə, “Google India”nın mətbuat katibi bildirib ki, şirkət ölkə ərazisində “Gmail”dən istifadənin qadağan olunması ilə bağlı hələ ki, məlumatlandırılmayıb.