Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrordan azad təhlükəsiz zonaların yaradılmasının vacib olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə Ərdoğan CNN telekanalına müsahibəsində bildirib.
“Suriyanın şimal rayonlarında terrordan azad təhlükəsiz zonalar yaratmalıyıq, orada qaçqınlar üçün evlər tikə bilərdik. Belə olacağı təqdirdə onlarda Suriya ərazisini tərk etməyə ehtiyac qalmayacaq. Təhlükəsiz zonalarda təxminən 18 ay ərzində məktəblər, ofislər və lazımi infrastruktur tikmək mümkündür”, - deyə Ərdoğan qeyd edib.
“Biz suriyalı qaçqınların üzünə qapılarımızı bağlaya bilmərik, əgər onlar Türkiyə ərazisinə gəlmək istəyərlərsə, biz onları buraxacağıq”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib ki, Suriyanın şimal rayonlarında terrordan azad təhlükəsiz zonalar yaradılacağı təqdirdə hazırda Türkiyədə məskunlaşan suriyalılar vətəninə dönə biləcəklər.