Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da çıxışı zamanı regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib. APA-nın məlumatına görə, bu barədə Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Brukinq Universitetində çıxışı zamanı bildirib.
“Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasət ucbatından təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb.
Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiya həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti həmçinin Ukraynadakı böhranın bu ölkənin ərazi bütövlüyünün saxlanılması şərti ilə Minsk sazişləri əsasında nizamlanmasının vacib olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən sonra, Türkiyəyə məxsus təyyarənin Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra pisləşib.