Martın 11-də İranda hərrac başlayıb. Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, bu tədbirdə İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada hökumət başçısı olduğu illərdə verilən hədiyyələrin hərracı keçiriləcək.
Əvvəllər hökumət başçılarına verilən hədiyyələr özəl muzeydə saxlanılırdı. Ancaq ötən il Əhmədinejad onları dövlətin sosial qurumlarına verməyi qərara alıb.
Keçən il 72 belə hədiyyə hərraca çıxarılıb. 21 hədiyyə satılıb və onlardan əldə edilən 350 min dollar sosial qurumlara verilib. Bu il qalan əşyalar yenidən hərraca çıxarılıb. Hədiyyələr arasında bahalı saatlar, qələmlər və başqa zərgərlik məmulatlar var.
Xatırladaq ki, 2011-ci ildə onun 1977-ci il buraxılışı olan «Peugeot 504» şəxsi avtomobili hərracda 2,5 milyon dollara satılmışdı.
Yerli müşahidəçilərin fikrincə, M.Əhmədinejad bununla özünü daha «ciddi yaşadığını» göstərməyə çalışır.