Türkiyənin Diyarbəkir şəhərində 7 polisin ölümü, 29 mülkü vətəndaşın yaralanması ilə nəticələnən terror hücumunu törədən şəxsin video görüntüləri yayılıb. APA-nın "Ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, yayılan yeni görüntüdə polis kortejinə hücumda istifadə olunan "Ford" markalı avtomobilin tərk edilməsi əks olunub. Görüntülərdə aydın görünür ki, terror hücumunu həyata keçirən şəxs avtomobili polis kortejinin keçəcəyi yolun kənarına sürür. Daha sonra o avtomobili yolun kənarında saxlayaraq ərazini sürətlə tərk edir. Hələlik terrorçunun kimliyi bilinməsə də, polisi araşdırmaları davam etdirir.
Qeyd edək ki, Diyarbəkir şəhərində polisləri aparan avtobus hərəkətdə olarkən kənarda içərisinə partlayıcı qurğu qoyulan avtomobil partladılıb. Son məlumata görə, terror hücumu zamanı 7 polis həlak olub, 9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb.
Yaralıları Diyarbəkir Hərbi Hospitalına və digər xəstəxanalara aparıblar.