Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə nazirin qarşılanma mərasimi olub, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib.
Öncə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Döyüş Bayrağı gətirilib. General-leytenant Z.Həsənov bildirib ki, ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb də yaradılıb. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Ramil Usubov Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini bildirib.
Daxili işlər nazirinin müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və mükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim edib.