Özünü Brüssel metropolitenində partladan Belçika vətəndaşı İbrahim əl-Bakrauini 8 ay əvvəl Niderlanda deportasiya etmiş Türkiyə Belçikanın müvafiq orqanlarına həmin şəxsin terrorçuluqla əlaqəli olması barədə məlumat verə bilərdi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Belçika Ədliyyə Nazirliyinin rəhbəri Kun Gens bildirib.
Xatırladaq ki, İbrahim əl-Bakraui martın 22-də özünü Brüssel metropoliteninin “Malbek” stansiyasında partladıb. Hadisədən sonra Türkiyə onun 2015-ci ilin iyununda Suriya sərhədində saxlanıldığını və iyulun 14-də deportasiya olunduğunu bildirib. Türkiyə prezidenti R.T.Ərdoğan Ankaranın əl-Bakrauinin əcnəbi terrorçularla əlaqəli olması barədə xəbərdarlıqlarına baxmayaraq, Belçika tərəfinin həmin şəxsi sərbəst buraxdığını bildirib.
Belçika Ədliyyə Nazirliyi, öz növbəsində, İbrahim əl-Bakrauinin heç bir xəbərdarlıq verilmədən Niderlandın Skipxol hava limanına deportasiya olunduğunu və Ankaranın həmin şəxsin terrorçuluqla əlaqəli olması barədə heç bir məlumat vermədiyini iddia edir.
“Onun saxlanılması və terrorçuluqda şübhəli bilinməsi barədə dərhal Belçikanı məlumatlandırmaq, bu barədə məlumatımızın olub-olmamasını soruşmaq olardı. Onun məhkumluğunun olmasını araşdırmaq və, ola bilsin, elə bunun əsasında da onu təkrar həbs etmək mümkün olardı”, - deyə Gens RTBF telekanalının efirində bildirib.
“Ankara və ya İstanbuldan daha səyli şəkildə xəbərdarlıq verilməsini gözləmək olardı, bu olacağı təqdirdə, bəlkə də, bəzi hadisələrin qarşısını almaq olardı. Digər tərəfdən isə, bizim öz orqanlarımız bu insanın Suriya sərhədində saxlanılması faktına daha diqqətlə yanaşacaqdı”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, İbrahim əl-Bakraui Belçikada şərti cəzaya məhkum edilib, lakin məhkəmənin şərtlərinə əməl etmirmiş: “Onun təkrar həbs olunmasına əsaslar var idi”.