Türkiyə kosmik araşdırmalarını genişləndirməyi və hətta kosmosa astronavt göndərməyi planlaşdırır. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gənclər təşkilatlarının fəalları ilə görüşündə bildirib.
“Kosmik tədqiqatlar, xüsusən, peyklərin orbitə buraxılması üzrə işlərə start vermişik. Bu mərhələ artıq başlayıb, biz məhz sizinlə, gənclərimizlə astronavtları kosmosa göndərə biləcəyimiz mərhələyə çatacağıq”, - deyə Ərdoğan qeyd edib.
Türkiyənin “Göktürk-1” kəşfiyyat peyki 2016-cı ilin dekabrında Fransa Qvianasındakı “Kuru” kosmodromundan orbitə buraxılıb. 261,5 mln. avro dəyərində olan bu peyk İtaliyada layihələndirilib, Türkiyədə isə montaj və test edilib.