"Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel”dəki qətl İŞİ
13 avqust 2026 13:21 (UTC +04:00)

"Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel”dəki qətl İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə  iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Seymur Manafov özünü təqsirli bildiyini deyib.

Məhkəmə daha sonra şahid ifadələri ilə davam edib.

Şahid M.F bildirib ki, təqsirləndirilən Seymur Manafov və qətlə yetirilən Şəmistan Əliyevlə iş yoldaşı olublar:

"Həmin gün yeməkdə idik, sonra getdik siqaret çəkməyə. Qayıdanda gördüm aləm qarışıb, dava var. Şəmistan ona pis söyüş söydü. Seymur buna etiraz etdi ki, yeməkdən gec qayıtdım deyə məni söyə bilməzsən. Bir onu gördüm ki, Seymur şkafdan bıçaq götürüb qaça-qaça gəlir. Şəmistanın yanında dayanmışdım, onu sakitləşdirməyə çalışırdım. Seymurun əlində bıçaq bu cür gəlməyini görəndə qorxub qırağa çəkildim. O, bıçağı iki dəfə Şəmistana soxdu. Aləm bir-birinə qarışmışdı, əməkdaşlarımız hadisə yerinə gəlib çıxdılar. Mən Şəmistanı yerə uzatdım, gödəkcəmi çıxarıb onun yarasına basdım, təcili yardım çağırdıq".

Şahid V.R bildirib ki, həmin gün Şəmistan icazə aldığına görə işə gec gəlib:

"Mən camaşırxanaya düşəndə, səs eşitdim, elə bildim ki, maşınların səsidir. Yaxınlaşanda Seymurun Şəmistana sənə neçə dəfə demişəm ki, mənimlə söyüşlə danışma? dediyini eşitdim. Şəmistan qayıtdı ki, mən heç vaxt sənin şəxsinə, ailənə söymədim. Bu söz Seymuru əsəbiləşdirdi, o, bu nə danışıqdır? Sən istəsən də şəxsimə söyə bilməzsən dedi. Bunu deyən kimi Seymurun qaçdığını gördüm. O, özündə deyildi deyə ardınca getdim. O, şkafdan götürdüyü bıçağı iki dəfə Şəmistana vurdu. Rəhmətlik əsə-əsə də olsa, ayaq üstündə idi, sonra birdən yerə çökdü. Onun dili qatlanmışdı, güc-bəla ilə çıxartdım. Oraya gələn digər iş yoldaşlarımız onun yarasına dəsmal tutmuşdular. Hər ikisi iş yoldaşım olub. Şəmistanla dörd-beş aydır ki, bir yerdə işləyirdik. Seymuru isə uşaqlıqdan tanıyıram. Birlikdə İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişik".

Şahid A.P "Boulevard Hotel”də iki ildir ki, işlədiyini deyib:

"Həmin gün işdə idim, dəsmalları qatlayırdım. Seymur və Şəmistanın səslərini eşidib nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşdım. Seymur deyirdi sənə neçə dəfə demişəm mənə söyüş söymə?. Şəmistan da ona qayıtdı ki, söyərəm də, o tərəfə də keçərəm".

Növbəti proses 20 avqust saat 17:00- təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı ilin  yanvar ayının 25-i saat 19:00 radələrində "Ağ şəhər” bulvarında yerləşən "Boulevard Hotel”də qeydə alınıb.

Hoteldə ofisiant işləyən 30 yaşlı paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisənin hotelin digər ofisiantı 34 yaşlı Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, Seymur Manafov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar