ABŞ-ın keçmiş senatoru Harris Vofford özündən 50 yaş kiçik kişi ilə evlənmək qərarına gəlib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, xanımının ölümündən sonra evlənməyi, lakin bu dəfə bir kişi ilə ailə həyatı qurmağı planlaşdıran eks-senator 40 yaşlı kişiyə aşıq olub.
90 yaşlı Vofford özünü homoseksual hesab etmədiyini və həyat yoldaşının ölümündən sonra ikinci dəfə məhəbbətini tapdığı üçün çox xoşbəxt olduğunu bildirib.
“Mən insanları cinslərinə görə təsnif etmirəm, sevdiyim insanın cinsiyyəti məni maraqlandırmır. Mənim möhtəşəm bir qadınla yarım əsrlik nikahım olub. Lakin indi mənim bəxtim yenidən gətirib və ikinci dəfə xoşbəxtliyimi tapmışam”, - deyə keçmiş senator hisslərinə aydınlıq gətirib.
Sabiq senator ötən il ABŞ-da eynicinslilərin nikahının leqallaşdırıldığını xatırladaraq bundan məmnunluq duyduğunu da əlavə edib.
Tarixi qərar ABŞ Ali Məhkəməsində bir səs çoxluğu ilə ötən il qəbul edilib. Qanun layihəsini şərh edən məhkəmənin sədri Entoni Kennedi bəyan edib ki, eynicinslilərin nikahı ABŞ konstitusiyası ilə dəstəklənir. Qanun qəbul edilən zaman ölkədə çoxları bu qərarı etirazla qarşılayıblar.
Harris Vofford 1926-cı ildə anadan olub. 1960-cı ilin ilk aylarında o, ABŞ prezidenti Con Kennedinin yanında insan hüquqları üzrə müşavir vəzifəsində işləyib.
1986-ci ildə o, bir müddət Demokratlar Partiyası bölməsinə Pensilvaniya ştatında rəhbərlik edib, 1991-ci ildən 1995-ci ilədək isə senatda bu ştatı təmsil edib.