Tələbələrin yaxşı qiymət almasının  gözlənilməz sirri AÇIQLANDI
10 avqust 2026 14:49 (UTC +04:00)

Tələbələrin yaxşı qiymət almasının gözlənilməz sirri AÇIQLANDI

0

Yuxu çatışmazlığı təkcə sağlamlığa deyil, təhsildəki nəticələrə də təsir göstərə bilər. Mindən çox tələbənin iştirak etdiyi təcrübə göstərib ki, yuxu rejiminin yaxşılaşdırılması akademik göstəricilərin yüksəlməsinə kömək edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, keyfiyyətli istirahət uzun müddətdir sağlamlığın əsas şərtlərindən biri hesab olunur. Müntəzəm və dərin yuxu orqanizmin normal fəaliyyətini dəstəkləyir, yuxusuzluq isə həm fiziki, həm də zehni problemlərə səbəb ola bilər.

Son illərdə alimlər yuxunun insan həyatına təsirini daha geniş araşdırmağa başlayıblar. Yeni araşdırma yuxu rejimində sadə bir dəyişikliyin tələbələrin dərs göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya çıxarıb.

Yuxu rejimində sadə dəyişiklik qiymətləri yüksəldə bilər

Əvvəlki elmi araşdırmalar da sağlam yuxu rejiminin yeniyetmə və gənclərin ümumi vəziyyətinə müsbət təsir etdiyini, yuxu çatışmazlığının isə dərs göstəricilərinin zəifləməsi ilə əlaqəli olduğunu göstərib.

Pittsburq Universitetinin səhiyyə iqtisadçısı Osea Cuntella bildirib ki, onların məlumatına görə, bu, yuxunun yaxşılaşdırılmasının akademik nəticələrə birbaşa müsbət təsir etdiyini göstərən ilk sahə təcrübəsidir.

Tədqiqatçılar 1149 tələbənin göstəricilərini bir neçə mərhələdə təhlil ediblər. Təcrübənin əvvəlində iştirakçılar sutkada orta hesabla cəmi 6,6 saat yatırmışlar. Həftəiçi günlərin 29 faizində isə onların yuxu müddəti hətta 6 saata çatmayıb. Bütün iştirakçılara yuxu göstəricilərini qeydə almaq üçün “Fitbit” ağıllı qolbaqları verilib və onlar təsadüfi şəkildə iki qrupa bölünüblər.

Birinci - eksperimental qrupdakı tələbələrə həftəiçi günlərdə ən azı 7 saat yatmaq tövsiyə olunub. Onlara nə vaxt yatmalı olduqları barədə bildirişlər göndərilib. Bundan əlavə, 7 saatlıq yuxu normasına əməl etdikləri hər gecəyə görə 4,75 dollar mükafat verilib. Təcrübə bir ay davam edib.

İkinci - qrupdakı tələbələr isə yalnız ağıllı qolbaqlardan istifadə ediblər.

Cəmi 19 dəqiqə əlavə yuxu nəticələrə təsir edib

Təcrübənin nəticələri diqqətçəkən olub. Birinci qrupda 7 saatlıq yuxu normasına əməl edilən gecələrin sayı 26 faiz artıb. Tələbələrin gecə yuxusunun ümumi müddəti isə orta hesabla 19 dəqiqə çoxalıb. Mükafatların verilməsi və xatırlatma bildirişlərinin göndərilməsi dayandırıldıqdan sonra da müəyyən təsir qalıb.

Tələbələr əvvəlki dövrlə müqayisədə gündə orta hesabla 8 dəqiqə daha çox yatmağa davam ediblər. Alimlər ağıllı qolbaqlardan əldə olunan məlumatları tələbələrin dərs göstəriciləri ilə müqayisə etdikdə maraqlı nəticə ilə qarşılaşıblar. Eksperimental qrupdakı tələbələrin qiymətləri təcrübənin aparıldığı semestr ərzində fənlər üzrə orta hesabla 0,075-0,089 bal yüksəlib.

Oxşar müsbət təsir növbəti semestrdə də müşahidə olunub. Nəticələrdəki artım böyük görünməsə də, alimlər yuxu ilə akademik göstəricilər arasında səbəb-nəticə əlaqəsinin müəyyən edilməsini perspektivli hesab edirlər. Araşdırma müəlliflərinin sözlərinə görə, tələbələrin orta balındakı yüksəliş bahalı təqaüd proqramlarının nəticələri ilə müqayisə edilə biləcək səviyyədə olub, bəzi hallarda isə onları üstələyib.

Osea Cuntella qeyd edib ki, ən diqqətçəkən məqam bu üsulun olduqca sadə olmasıdır. Onun sözlərinə görə, oxşar yanaşmanı yalnız universitetlərdə deyil, məktəblərdə və hətta iş yerlərində də sınaqdan keçirmək mümkündür.

Araşdırmanın nəticələri bir daha göstərib ki, tələbənin uğur qazanması üçün yalnız daha çox dərs oxuması kifayət etməyə bilər. Bəzən vaxtında yatmaq və normal yuxu rejiminə əməl etmək də qiymətlərin yüksəlməsində mühüm rol oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar