Gələn ayın 14-də İranda prezident seçkisinin keçiriləcəyi gözlənilir. Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, bu siyasi kampaniyanın keçiriləcəyi vaxt yaxınlaşdıqca ölkənin uyğun qurumları «İnternet fırıldaqçılığı» bəhanəsi ilə «Facebook» və «Twitter» kimi ictimai şəbəkələrə girişi əngəlləməyə başlayıb. İranın informasiya texnologiyaları qurumunun başçısı Əli Hakim-Cavadi «İSNA»-ya müsahibəsində deyib : «Çoxlu sayda İnternet saytlarının sürəti azalıb. Ancaq bunun qarşıdan gələn seçki ilə heç bir əlaqəsi yoxdur».
Ancaq yerli müşahidəçilər onun dediklərini təkzib edərək, bunu birbaşa seçki ilə əlaqələndirirlər. Onların sözlərinə görə, ictimai şəbəkələrə və İnternet saytlarına əlavə proqramlar yükləməklə daxil olurlar.
Yerli ictimai-siyasi fəallar ötən ilin fevralında parlament seçkiləri öncəsi də oxşar olaylar yaşandığını bildirib.
İki ildən artıqdır ev dustağı olan prezidentliyə keçmiş namizəd (2009-cu ildə prezident seçkisində) Mirhüseyn Musəviyə bağlı “Kaleme” saytının yayıdığı xəbərə əsasən, ötən gün Tehranın bir sıra küçə və meydannı polis nəzarətinə götürülüb.
Mənbə bildirib ki, paytaxtın Vəli-əsr və Səadətabad küçələrinə, eləcə də şəhərin şimal, mərkəzi meydanlarına çoxlu polis və təhlükəsizlik qüvvələri yeridilib.
Xatırladaq ki, İranda prezidentliyə namizədlərin səlahiyyətini araşdıran Nəzarət Şurası hələ rəsmi açıqlama verməsə də, 8 nəfərin namizədliyinin qeydə alındığı haqda məlumat yayılıb.
Keçmiş prezident Haşimi-Rəfsəncani və prezidenti aparatının başçısı, hökumət başçısı Mahmud Əhmədinejatın qohumu İsfəndiyar Rəhim - Məşainin prezidentliyə namizədliyi təsdiqlənməyib.
Ölkə televiziyası aşağıda adları göstərilən 8 nəfərin namizədliyinin qeydə alındığını elan edib:
Ələkbər Vilayəti.
Səid Cəlili
Həsən Ruhani
Qulaməli Həddad Adil
Möhsün Rzai
Məhəmmədrza Arif
Məhəmmədbağır Qalibaf
Məhəmməd Qərəzi