Braziliyanın Minas-Jerays ştatında 9 yaşlı Eduarda Barbosa qeyri-adi simptom səbəbindən xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, qız bir neçə saat ərzində gülməyi dayandıra bilməyib.
Hadisə qəfil baş verib. Məktəbdən qayıdan Eduarda mətbəxdə anasına kömək edərkən səbəbsiz şəkildə gülməyə başlayıb.
Anası qızının göz bəbəklərinin böyüdüyünü, suallara cavab vermədiyini və qorxmuş göründüyünü müşahidə edib. Bundan sonra qadın uşağı dərhal xəstəxanaya aparıb.
Həkimlər əvvəlcə bunun nadir epilepsiya növlərindən biri olan gelastik tutma ola biləcəyini ehtimal ediblər. Eduarda müayinədən keçirilsə də, bu diaqnoz təsdiqlənməyib.
Bir neçə saat sonra qızın gülmə tutması dayanıb və o, yuxuya gedib.
Həkimlər vəziyyətin güclü stresslə əlaqəli ola biləcəyini istisna etməyib və ailəyə nevroloqa müraciət etməyi tövsiyə ediblər.
Ertəsi gün Eduarda normal həyatına qayıdıb. Bundan sonra oxşar tutmaların təkrarlanmadığı bildirilir.