Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib.
Avtomobil hədiyyə edilən əməkdaşlardan biri Li soyadlı qadındır. O bildirib ki, BMW-ni əldə etmək üçün bir yuan belə ödəməyib.
Üstəlik, şirkət rəhbəri avtomobilin qarşılığında ondan heç bir müqavilə imzalamağı və ya əlavə öhdəlik götürməyi tələb etməyib.
20 ildir restoran biznesi ilə məşğul olan Ma Yanli bu qərarını belə izah edib:
“Mən karyeramda uğur qazanmışam. Lakin şirkətimin inkişafı bütün əməkdaşlarımın birgə zəhmətinin nəticəsidir. Buna görə də işçilərimin şirkətin uğurlarından faydalanmasını təmin etməliyəm”.
Məlumata görə, bu, iş qadınının əməkdaşlarına etdiyi ilk bahalı hədiyyə deyil. O, ənənəvi Çin bayramlarında da işçilərinə gündəlik tələbat malları və pul mükafatları təqdim edir.
Ma Yanlinin bu addımı işçilərinə verdiyi dəyər və onların rifahına göstərdiyi diqqətlə əlaqələndirilir.