“Myanma hakimiyyəti Karen ştatında yanmış cəsədləri tapılan 35 nəfərin ölümünü dərhal araşdırmalıdır”.
APA xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits açıqlamasında deyib.
O, həmçinin, iddia edilən günahkarların ən qısa zamanda ədalət qarşısına çıxarılmasını tələb edib: “Dekabrın 24-də Karen ştatında mülki şəxslərə hücumlarla bağlı xəbərlərdən dəhşətə gəldim. Etibarlı mənbələrdən verilən məlumata görə, azı 35 nəfər, o cümlədən bir uşaq avtomobilindən zorla düşürülərək öldürülüb və yandırılıb”.
BMT baş katibinin müavini əlavə edib ki, Myanmadakı hərbi qurumlar mülki əhalinin müdafiəsi üçün bütün zəruri tədbirləri görməlidir.
Qeyd edək ki, “Myanmar Now” nəşrinə görə, şərqi Karen əyalətində bir kəndin yaxınlığında uşaqlar da daxil olmaqla azı 35 nəfərin yanmış qalıqları aşkar edilib. Cəsədlər səkkiz avtomobildə tapılıb.