Avropa liderləri Ukraynada hərbçilərin yerləşdirilməsi ilə bağlı razılığa gəliblər. Ancaq bunun üçün müəyyən şərtlər var.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqon müsahibəsində bildirib.
"Birincisi, hər iki tərəfin əməl edəcəyi mütləq atəşkəs olmalıdır. İkincisi, həmin hərbi qüvvələrin BMT-nin himayəsi altında güclü mandata ehtiyac var. Üçüncüsü, o, təkcə Avropa qoşunlarından ibarət olmayacaq və bütün Rusiya-Ukrayna sərhədi boyunca əhəmiyyətli mövcudluğu təmin etmək üçün kifayət qədər saya malik olan nüfuzlu, çoxmillətli qüvvə olmalıdır", - deyə o vurğulayıb.
Admiralın sözlərinə görə, Ukrayna üçün əsas təhlükəsizlik təminatı onun Silahlı Qüvvələridir. Draqon vurğulayıb ki, müharibənin üç ili ərzində sabitlik və alınan dəstək sayəsində Ukrayna Müdafiə Qüvvələri son dərəcə yüksək effektivliyə nail olub və möhkəmlənməkdə davam edir.
Ukrayna bir sıra ölkələrdən mühüm yardım almağa davam edəcək. Söhbət silahların tədarükü, təlim və əməkdaşlığın təmin edilməsindən gedir. Bu, NATO hərbçilərinin fikrincə, ona müharibə zamanı tükənmiş imkanları bərpa etməyə və gələcək təcavüzün qarşısını almaq üçün silahlı qüvvələrini yenidən təşkil etməyə imkan verəcək.
"Müharibədən sonra davamlı sülh lazımdır. Bu, növbəti Minsk 3 ola bilməz. Rusiya yenidən birləşmək üçün atəşkəsdən istifadə etməməli və bir daha Ukrayna torpaqlarının bir kvadrat santimetrini belə ələ keçirməyə cəhd etməməlidir. Ona görə də NATO müttəfiqləri Ukraynaya bu qədər əhəmiyyətli dəstək verirlər. Bu, təkcə Ukraynanın deyil, həm də bütün Avropanın və dünyanın təhlükəsizliyi üçün vacibdir”, - NATO Hərbi Komitəsinin rəhbəri əlavə edib.