Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanın ən az tədqiq edilmiş ərazilərindən biri olan Uilks buzaltı hövzəsindən gedir.
“Nature Reviews Earth & Environment” jurnalında dərc olunan yeni araşdırmaya əsasən, hövzənin relyef xüsusiyyətləri qlobal istiləşmə şəraitində buz örtüyünün geri çəkilməsini sürətləndirə bilər.
Uilks hövzəsi Transantarktika dağları boyunca təxminən 1400 kilometr uzanır. Ərazi tamamilə qalın buz təbəqəsi ilə örtüldüyündən alimlər burada araşdırmalar aparmaq üçün radar və peyk müşahidələrindən istifadə edirlər.
Əvvəllər Şərqi Antarktida buz örtüyünün ən sabit hissələrindən biri hesab olunurdu. Lakin son tədqiqatlar bu bölgənin iqlim dəyişikliklərinə qarşı gözləniləndən daha həssas ola biləcəyini göstərir.
Əsas təhlükə hövzədəki buzlaqların böyük hissəsinin altındakı süxurların dəniz səviyyəsindən aşağıda yerləşməsidir. İsti okean suları buzlaqların dibinə çatarsa, onların əriməsi və geri çəkilməsi sürətlənə bilər.
Alimlər artıq bölgənin bəzi hissələrində dəyişikliklərin baş verdiyini bildirirlər. Müşahidələrə əsasən, bir sıra şelf buzlaqları nazilib və parçalanmaya məruz qalıb.
Hövzənin əsas buzlaqlarından olan Kuk buzlağı isə 1990-cı illərdən etibarən sürətlə nazilir. Məlumatlara görə, bu buzlaqdan hər il təxminən 44 milyard ton buz okeana daxil olur.
Tədqiqatçılar hesab edirlər ki, Uilks hövzəsinin daha ətraflı öyrənilməsi gələcəkdə dünya okeanının səviyyəsində baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq üçün böyük əhəmiyyət daşıyır.