ABŞ ordusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə İrana qarşı yeni hava zərbələri endirdiyini açıqlayıb. Buna cavab olaraq İran Küveyt və Bəhreynə hücumlar həyata keçirib. Bu hadisələr müharibəyə son qoymaq istiqamətində aparılan səylərin daha da çətinləşdiyi bir vaxtda baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, yeni hücumlar İranın Hörmüz boğazından keçən üç yük gəmisinə təşkil edilən hücumuna cavab olaraq həyata keçirilib.
ABŞ-ın endirdiyi zərbələr İranın cənub sahillərində yerləşən bir sıra şəhərlərdə təşviş yaradıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayanıb. İran isə ikinci gündür ki, ABŞ hərbi bazalarının yerləşdiyi Küveyt və Bəhreynə hücumlarını davam etdirir.
Küveyt Müdafiə Nazirliyi ölkə ərazisinə yönələn raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb. Qətər isə qısa müddət ərzində yüksək təhlükəsizlik xəbərdarlığı elan etsə də, sonradan vəziyyətin sabitləşdiyini bildirib.
Müharibədən əvvəl dünya üzrə neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazına nəzarət Tehran üçün mühüm təsir vasitəsi hesab olunur. Analitiklərin fikrincə, İran gəmilərə qarşı hücumlar kimi addımlardan danışıqlarda üstünlük qazanmaq məqsədilə istifadə edir. İran isə bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bildirib: "İranla razılıq əldə etsək belə, onun uzunömürlü olacağına əmin deyiləm. Mən onları etibarsız insanlar hesab edirəm."
Bununla yanaşı, Tramp bildirib ki, tammiqyaslı müharibənin yenidən başlanacağını gözləmir və daimi razılaşma üzrə danışıqların davam edib-etməyəcəyinin hələ məlum olmadığını vurğulayıb.