Türkiyə və Suriya arasında Fatimə qalmaqalı
21 sentyabr 2011 15:27 (UTC +04:00)

Türkiyə və Suriya arasında Fatimə qalmaqalı

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də Suriyanın rəsmi SANA agentliyi və bəzi mətbu orqanları Türkiyədə suriyalı qaçqınlar üçün yaradılmış düşərgələrdə təcavüz və işgəncənin olduğu barədə xəbərlər yayımlayıb.

Bu KİV-lər Fatimə adlı bir qadın və bəzi kişilərin Türkiyədəki düşərgələrdə təcavüz və işgəncələrlə üzləşdikləri barədə verdikləri ifadələri dərc edib. Türkiyənin Xarici İşlər Nazirliyi isə bu gecə bununla bağlı sərt bəyanat verib. Bəyanatda qeyd olunur ki, Türkiyədəki düşərgələrdə olan insanlar Suriyada üzləşdikləri qorxu və təhdidlərlə bağlı bu ölkəyə qaçıblar: “Bu insanların Suriyadan Türkiyəyə qaçmalarının səbəblərinin ortadan qaldırılması lazımdır. Hazırda Türkiyə Qızıl Aypara Cəmiyyətinin qurduğu düşərgələrdə 7 min 547 suriyalı var. Bu insanların rahat yaşaması və təhlükəsizliklərinin qorunması üçün bütün imkanlar səfərbər olunub. Düşərgələrin qurulduğu Hatayda rəsmilər bunun üçün fədakarlıq edirlər. BMT-nin müvafiq qurumları və Suriya Qızıl Aypara Cəmiyyəti də bunu təsdiq edib”.


Türkiyə Xarici İşlər Nazirliyi bu düşərgələrdən indiyə qədər heç bir şikayətin rəsmilərə çatmadığını və Suriyanın rəsmi informasiya agentliyinin yaydığı təcavüz iddiasının da araşdırılacağını vurğulayıb: “Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi Suriya Xarici İşlər Nazirliyi və Suriya Qaçqınlar Nazirliyinə rəsmi müraciət edib, təcavüzə uğradığını iddia edən Fatimə xanım və işgəncəyə məruz qaldıqlarını iddia edən digər insanların şəxsiyyətləri ilə bağlı məlumatları istəyib. Fatimə ilə Suriyadakı Türkiyə səfirliyinin və ya Hələbdəki Türkiyə konsulluğunun görüş keçirilməsinə imkan yaradılması istənilib. Təmənna edirik ki, Suriya daxilindəki olaylarla bağlı hər gün ortaya atılan çoxlu sayda iddia ilə bağlı rəsmi Dəməşq də Türkiyə kimi həssaslıq göstərsin. “Qara piar”, yalan və iftira əsas məqsəddirsə, bu xəbərdə verilən mesaj yersizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar