İran: yasaqlar ölkəsi - ŞƏRH
28 iyul 2011 15:22 (UTC +04:00)

İran: yasaqlar ölkəsi - ŞƏRH

0
«Bütün kitablar yaxşı deyil. Onların bəziləri ziyanlıdır» - deyə, o, nəşriyyat rəhbərləri və kitabxanaçılarla görüşündə söyləyib. İran hakimiyyətinin lideri sətiraltı, qapalı şəkildə fikirlər yayan müəyyən siyasi kitablardan ehtiyatlı olmağı vacibliyi vurğulayıb.

Ayətulla Xamneyi bir sıra kitabları «öldürücü narkotik maddələr» adlandıraraq, deyib: «Biz insanlara yalnız yaxşı və faydalı kitabları verməliyik».

Xatırladaq ki, ölkədə kitabların çapına İslam İrşadı və Mədəniyyət Nazirliyi icazə verir. Onların icazəsi olmadan İran və xarici ölkələrin yaradıcılıq nümunələri işıq üzü görmür.

Son illər İslam Respublikasında dünyanın tanınmış yazıçıları Ceyms Coys, Qabriel Qarsiya Markes, Kurt Vonnequt, habelə Paolo Koelonun romanları yasaqlanıb.

Əslində indiki informasiya texnologiyası əsrində kitabların yasaqlanması çox gülünc görünür.

Bir zamanlar ərəblər dünyanı, eləcə də Azərbaycanı işğal edəndə islam adından sui-istifadə edərək, çox zəngin kitabxanaları yandırmışdılar. Ayətulla Xamneyinin məsləhətinin bu yöndə olduğu ehtimalı az deyil. Çünki bu ölkədə Azərbaycan türkcəsinə yasaqları da İran rəhbərliyi islam adı ilə tətbiq edir. Elə Xamneyinin «İranda milli birlik amili islam dinidir» - ifadəsi bunu təsdiqləyir.

Bir müddət öncə İranın Mədəniyyət Nazirliyinin saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış türk sözləri və adlarının siyahısı yerləşdirilmişdi.

Bu günlərdə isə İran rəhbərliyi «Google+» yeni ictimai şəbəkəsinin ölkə ərazisində yayılmasını «ABŞ-a xidmət edən casus şəbəkəsi» adlandıraraq, yasaqlayıb.

İki həftə öncə hakimiyyət İslam Respublikasına sərf etməyən minlərlə yeni veb-saytlara süzgəc sisteminin qoyulmasını gücləndirib. Hazırda 5 milyon internet resursu, o cümlədən BBC, CNN ölkədə yasaqlanmış informasiya vasitələrindəndir.

Bir müddət öncə İran ərazisində «Facebook» və «Twitter»ə blok qoyulub.

Hələ iyunda ABŞ «Çamadan internet» layihəsini həyata keçirməyə başladığını elan etmişdi. Vaşinqtonun qənaətincə, bu layihə Suriya, Liviya və İranda ictimai-siyasi fəaliyyətlə məşğul olan vətəndaşlara yardım məqsədi ilə həyata keçirilir. İranın ETTELAAT naziri Heydər Müslehinin sözlərinə görə, bu, ABŞ-ın yeni «casus kiber savaşıdır».

«Amerikanın səsi»-nin məlumatına əsasən, Tehran Universiteti, Əmir Kəbir adına Universitetinin rəhbərləri Güney Azərbaycan türk tələbələrinə türk və fars dillərində qəzet nəşr etməyə icazə vermir.

Rəhbərlik qəzetin yalnız fars dilində çapını istəyir. Bu barədə İranın fars dilli internet saytları, o cümlədən «Gooya Nyuz», Aliyasin İnsan Haqları və İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRA) məlumat yayıb.

Məlumatda deyilir ki, universitetlərin rəsmiləri "Öyrənci", "Elçi" və "Öyrənci Baxışı" qəzetlərinin Azərbaycan türkcəsində çapına icazə verməyib. HRA əlavə edib ki, həmin iki universitet rəsmiləri türk və fars dilli qəzetlərin nəşri ilə də razılaşmır.

İranın Mərkəzi əyalətinin məktəblərində şagirdlərin cins şalvar geyməsinə qadağa qoyulub. Mərkəzi əyalətin təlim-tərbiyə idarəsinin məktəb müdirlərinə verdiyi göstərişdə şagirdlərin cins şalvar geyməsinə qoyulan qadağa «Qərb mədəniyyətinin simvollarına qarşı mübarizə» ilə əlaqələndirilib.

Mərkəzi əyalətin tanınmış müəllimlərindən biri, Məhəmmədrza Fəthi jurnalistlərə açıqlamasında qadağaya qarşı çıxdığını bəyan edib: «Sistem əslində cins şalvar geyinməsinə qadağa qoymaqla doğma və yerli mədəniyyəti gücləndirmək istəyir. Lakin bunun üçün seçdiyi yol və üsul məntiqi deyil. Çünki milli kimlik və mənsubiyyət ictimai kimlik kimi bir şeydir. Bu, zaman keçdikcə müxtəlif səbəblərdən asılı olaraq dəyişə bilər. Məsələn, bu gün heç kəs kostyum geyməyi Qərb mədəniyyətinin simvolu saymır. Bu növ geyim artıq rəsmi bir geyim kimi cəmiyyətimizdə qəbul edilib».

Tehran hakimiyyətinin apardığı «yasaqlama» siyasəti ölkənin sadə vətəndaşlarının davranışına da sirayət edib. «MIGsport»-un məlumatına əsasən, iranlı üzgüçü Məhəmmədəli Rzai Pekində keçirilən dünya üzrə üzgüçülük yarışında brass üsulu ilə 100 metrə ələmə mərhələsində iştirakdan imtina edib. İslam Respublikasından olan rəsmi nümayəndə heyəti bildirib ki, Rzai birdən «qarın boşluğunda kəskin ağırların olduğunu söyləyib».Ancaq mütəxəssislər bunun əsil səbəbinin başqa məsələdə olduğunu bildiriblər.

Məsələ burasındadır ki, İsraildən olan idmançı Qal Nevo da M.Rzai ilə birlikdə üzməli imiş. Çünki iranlı üzgüçü bu sayaq davranışa bir növ adət edib. Baş verən olay ikincidir. Hələ Pekin yay olimpiadasında da M.Rzai İsraildən olan idmançı ilə bir hovuzda yarışmaq istəmədiyini söyləmişdi.

Göründüyü kimi, Tehran hakimiyyətinin yasaqları son nəticədə insanlar arasında düşmənlik yayır, yaxud öz vətəndaşlarında psixoloji kompleks yaradır. Bu azmış kimi, İrandakı fars olmayanlara qadağaların tətbiqi, rejimin yürütdüyü ayrı-seçkilik siyasəti isə həmin etnik qruplar arasında milli ədavətin qızışmasına səbəb olur. Beləliklə, İran hakimiyyətinin qadağaları, yasaqları daha çox düşmənliyə və ədavətə xidmət edir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 760

Oxşar yazılar