79
12:16
06 Noyabr 2020

Qarabağda yandırılan məscidlər, donuz tövləsinə çevrilən məbədlər - ARAŞDIRMA

Tarixi abidələr xalqın milli-mədəni irsini bu gündən sabaha daşıyan şahidlərdir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanları təkcə insanlarımız deyil, həm də mənəvi yaddaşımız olan, yaşı minilliklərə söykənən abidələr olub.

APA TV-nin xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib

AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli deyir ki, xalqımızın milli-mənəvi yaddaşına güclü zərbə olan bu vəhşiliklər əslində XIX əsrin sonlarından başlayıb: “Ermənilərin əsas ideyası odur ki, türk müsəlman xalqlarının yaşadığı əraziləri məhv etsinlər, bizə qarşı terror, soyqırımı həyata keçirsinlər. İkinci məqsədləri isə abidələri, tarixi izləri silməkdir. Ermənilər bu işə XIX əsrin sonlarından başlamışdılar. Təkcə İrəvan şəhərində 8-ə qədər məscidimiz var idi. Bu gün onların heç biri yoxdur. Yalnız Göy məscidin bir hissəsi qalıb. Onu da İrandan gələn tacirlərə, bütün dünyaya göstərmək məqsədilə saxlayıblar ki, bunlarda məscid fəaliyyət göstərir. Ən əsas zərbə alan ərazi isə Qarabağdır. Burada insanları məhv etməklə yanaşı, həm də tarixi abidələrimizi dünya tarixindən silməyə çalışıblar. Çünki bu abidələr bizim oradakı varlığımızın sübutu idi”.

Füzuli rayonunun Horadiz qəsəbəsində doğulan Güntəkin Nəcəflinin sözlərinə görə, xain düşmən alban məbədlərini belə erməniləşdirməyə çalışıb: “Horadiz əməliyyatı zamanı Fizulinin azad edilən kəndlərində yerləşən Mirəli, Şıxbaba türbələri, Ağdam, Füzuli və Cəbrayıl ərazisində isə bütün abidələrimiz məhv edilib. O abidələr ki alban xristian abidələri idi, bunları da dəyişdiriblər. Alban xaçlarını dəyişdirib erməni xaçlarına çeviriblər. O abidələrin üzərinə ermənicə yazılar yerləşdiriblər”.

Düşmən tapdağı altında olan müqəddəs məbədlərimiz də erməni vandallığına məruz qalıb, təhqir edilib. Bu gördüyünüz xarabalıq Ağdam Cümə məscidinindir. Erməni işğalından bir il sonra benzin tökülərək yandırılıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqının ünvanına alçaldıcı və təhqiramiz ifadələr yazılıb.

Minarəsi yarıya qədər yandırılan, birinci mərtəbəsi yararsız hala salınan bu məscid isə Horadiz Cümə məscidi olub. Azan səsi yüksələn məscidlərimiz indi donuzların və inəklərin saxlandığı tövləyə çevrilib. Ağdamın qədim qəbiristanlığından isə əsər-əlamət qalmayıb. Nifrətini müqəddəs ocaqlarımızın, tarixi abidələrimizin üzərində əks etdirən ermənilər Şuşada Azərbaycan dahilərindən olan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Laçında Sarı Aşığın heykəllərini də eyni vəhşiliklə güllələyiblər. Bütün bunlar azmış kimi, işğal etdikləri torpaqlarımızın adlarını tamamilə dəyişdirərək özününküləşdirməyə çalışıblar: “Ermənilər işğal etdikləri ərazilərimizin adlarını dəyişdirməklə məşğuldurlar ki, tarixdən bu adlar silinsin. Məsələn, Kəlbəcəri Karvaçar, Qubadlını Kovsakan, Zəngilanı Sanavasar, Xocavəndi İvanyan, Füzulini Varanda kimi dəyisdiriblər ki, guya bu adlar tarixi erməni adlarıdır. Ermənilər bizə qarşı terroru 3 istiqamətdə törədir - əhalimizi soyqırıma məruz qoymaq, abidələrimiz məhv etmək və yer adlarını dəyişdirməklə”.

Bəli, ermənilərin insanlığa sığmayan vəhşiliklərini saymaqla bitməz. Amma xalqımızın yeni möcüzələrə olan ümidlərini Azərbaycan əsgəri addım-addım, kənd-kənd doğruldur. Bu gün Azərbaycan Ordusu Natəvanın, Sarı Aşığın, Bülbülün, Üzeyirin güllələnmiş heykəllərinin səssiz fəryadının, məhv edilmiş tarixi abidələrimizin intiqamını qətiyyətlə alır və alacaq. Qoluna qüvvət, Azərbaycan əsgəri!

Dİgər xəbərlər