18:20
11 Oktyabr 2020

“Bu Vətən bizimdir, Qarabağ bizimdir” – Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə qardaş Türkiyədən, ölkənin hər yerindən məktublar gəlməyə davam edir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Ələsgər Ağayev Dubaydan:

- Hörmətli cənab Prezidentimiz.

Mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm.

Harada yaşamağımızdan asılı olmayaraq hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb.

Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur.

Var olun, yüz yaşayın. Azərbaycan var olduqca, Sizdə yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız.

Cem Küçüktürk, Kayseri, Türkiyədən yazır:

- Hörmətli cənab Prezident.

Sizə böyük hörmətlərimi çatdıraraq Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm.

Şəhidlərinizə görə başda Siz olmaqla Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm.

Allahım hamınızın yar və yardımçısı olsun.

Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan xalqın köməyi ilə bu təcavüzün də öhdəsindən gələcək.

Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir.

Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm.

Əbülfəz Qasımov, Ukraynadan:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ukraynada yaşayan çoxsaylı həmvətənlərimizin adından Sizə və Sizin şəxsinizdə rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımızı bildirmək istəyirik.

30 ildir ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik.

Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir.

Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir.

Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir.

Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.

Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbirsizliklə gözləyirik.

Yolumuz haqq yoludur!

Qarabağ Azərbaycandır!

İltifat Muradov, Bakıdan yazır:

- Əziz cənab Prezident, hörmətli Ali Baş Komandan.

Sizə ulu öndərin layiqli davamçısı kimi müraciət edərək Sizinlə qürur duyduğumu deyirəm.

Mən Qarabağ qazisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovla çiyin-çiyinə döyüşmüşəm. 57 yaşım olsa da bir çağırışınız yetər ki, Azərbaycan dövlətinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edim. Canımı Vətən yolunda fəda etməyə hazıram.

Siz xalqımızın, bütün Azərbaycanlıların Qəhrəmanısınız. Allah Sizi qorusun.

Qürurla deyirik: Qarabağ Azərbaycandır!

Vəli Şahverdiyev, Cəbrayıl:

- Hörmətli cənab Prezident.

Torpaq bizim əbədi Vətənimizdir. Mən Cəbrayılda doğulmuşam, orda yaşa dolmuşam, orda ulularımız dəfn olunub. Bir də onu deyim ki, ata yurdumda 30-a qədər döyüş qabiliyyətli övladlarımız var. Onlar və mən özüm döyüşə hazırıq.

Mənim ailəm qadir dövlətimin verdiyi mənzildə yaşayır. İnanaraq deyirdim ki, yaxın illərdə doğma torpaqlara qayıdacağıq. Bu gün Siz xəyalları gerçəyə çevirdiniz. Bunun üçün Sizə uzun ömür, xoş günlər arzulayıram.

Deyirəm, eşq olsun Sizi dünyaya gətirən Anaya! Eşq olsun Sizə! Siz xalqın qəlbində heykəlinizi qoydunuz.

Qarabağ Azərbaycandır!

Əjdər Əliyev, Saatlıdan:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizə bu məktubu çox sevinə-sevinə yazıram. Ona görə ki, Siz bizim Prezidentimiz olmaqla yanaşı, həm bizim, həm də dünya azərbaycanlılarının ağsaqqalısınız. Erməni dığalarının torpaqlarımızdan qovulması üçün cəsarətlə addım atdınız. Mən Sizin bu addımınızı alqışlayıram. Sizin zəfər bayrağınız mübarək olsun.

Siz bizim müdrik Prezidentimizsiniz. Sizin fəaliyyətiniz dünya tarixinə qızıl həriflərlə yazılır. Çünki, Siz ulu öndər Heydər Əliyevin oğlu olaraq onun siyasətini uğurla aparırsınız. Sizə uğurlar arzulayırıq.

Rəcəb Ağayev, Masallıdan:

- Çox hörmətli cənab Prezident.

Mən Masallı rayonunun Qızılavar kəndində yaşayıram. Kənd təsərrüfatı sahəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Hazırda erməni faşistlərinə qarşı xalqımızın haqq savaşı gedir. Mən də döyüşə getmək üçün könüllü müraciət edənlər sırasındayam. Rayonumuzda olan bu qədər ruh yüksəkliyini heç vaxt görməmişik. Hər gün hərbi komissarlığın qarşısında döyüşə könüllü gedənlərin növbəsidir. İnsanlarımız şəhidlərimizin qisasını almaq üçün növbəyə durmuşdur. Hamı Mübariz İbrahimov və Polad Həşimov olmaq istəyir. Ordumuzun qələbələri sanki insanlara qol-qanad verib. Hər yerdə qələbə sevinci yaşanır. Belə bir Qəhrəman xalqı olan dövlətdə yaşadığımıza görə fəxr edirik.

Sağ olun, var olun. Yaşasın Azərbaycan Ordusu! Eşq olsun, Ali Baş Komandanıma!

İbrahim Abbaszadə, Bakı

- Əziz Prezidentim.

Mənim adım Abbaszadə İbrahimdir. Mən Bakıda 240 saylı məktəbdə təhsil alıram. Mənim yaxınlarda 10 yaşım olacaq.

Mən Azərbaycan Ordusunu dəstəkləyirəm. Azərbaycan Ordusu çox güclüdür.

Mən inanıram ki, Qarabağ erməni faşistlərindən azad olunacaq.

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” – bu kəlməni ümummilli liderimiz Heydər Əliyev söyləmişdir. Allah Ulu Öndərimizə və şəhidlərimizə rəhmət eləsin.

Bu məktubumla mən Türkiyəyə də ürəkdən təşəkkürümü bildirirəm. Ona görə ki, onlar hər zaman bizim yanımızdadırlar.

Qarabağ bizimdir, bizim olacaq!

Alagöz Səfərova, Fizulidən:

- Hörmətli cənab Prezident,

Füzuli şəhərindən olan bir məcburi köçkün kimi 30-ilə yaxın müddətdir ki, düşmənlə üz-üzə cəbhə bölgəsində qorxmadan, şərəflə yaşayıram. Dərs dediyim məktəbdə şagirdlərimə Sizin apardığınız siyasətin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu həmişə bildirmişəm. Mən və şagirdlərim buna bir daha əmin olduq. Uzun müddətdən sonra Sizin rəhbərliyinizlə qüdrətli ordumuz bizi sevinc göz yaşlarına boğdu. Cənab Prezident mənim həyat yoldaşım hərbiçi kimi Vətənə borcunu şərəflə yerinə yetirməkdədir. Bu bir həyat yoldaşı kimi, bir ana kimi məni çox qürurlandırır. İnanıram ki, Sizin rəhbərliyinizlə, Ordumuzun gücü ilə, qeyrətli əsgərlərimizlə çox yaxında üç rəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bu Vətən qeyrətli insanların Vətəndir. Bu Vətən bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Allah Sizi və qüdrətli ordumuzu qorusun.

Dİgər xəbərlər