15:06
11 Oktyabr 2020

Hikmət Hacıyev: "Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi"

“Ermənistan tərəfindən törədilən bu cinayətlər siyasi və hərbi təxribat kimi qiymətləndirilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hərbi təxribatın mahiyyəti aydındır: “Onlar Azərbaycanda mülki əhaliyə xətər yetirmək və yaxud da ölüm hallarını artırmaqla Azərbaycan xalqını qorxutmaq və çəkindirmək məqsədləri güdürlər. Amma buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı yaşadığı məntəqələrdə, yerlərdə çox sabit durumdadırlar. Xalqımız dövlətimizin ətrafında səfərbərdir. Siyasi təxribatlar isə 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycan Silahlı Qüvvələrinə Ermənistan ərazisində olan bəzi məntəqələrə zərbələr endirməyə təşviq etməkdir. Onlar bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında, işğal edilmiş ərazilərinin azad olunması istiqamətində keçirilən sülhə məcburetmə əməliyyatı çərçivəsində legitim haqlarından istifadə edərək hərbi hədəfləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəslə əlaqədar bəyanat imzalanmışdı. Burada da Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Artıq burada beynəlxalq missiyanı həyata keçirən tərəflər, ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət özü buna qiymət verməlidir. Onlar görməlidir ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq tərəflə üz-üzə dayanıb. Bunlar üçün hər hansı mənəvi və siyasi-diplomatik çərçivədə heç nə mümkün və mövcud deyil. Azərbaycan xalqı bunu 1992-ci ildə Xocalıda vətəndaşlarımıza qarşı etnik təmizləmə aparılanda görmüşdü”.

Dİgər xəbərlər