18:00
06 Oktyabr 2020

"Onlar döyüşdə zəif, yalan və böhtanda güclüdür" - Emin Həsənli

Şanlı ordumuz doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə mübarizə apararaq, düşmən üzərində uğurlar əldə edir. Bunu görən mənfur düşmənimiz isə məğlubiyyətin acısını müxtəlif təxribatlar törətməklə çıxırlar.

Hərbi ekspert Emin Həsənli məsələ ilə bağlı Lent.az -a danışarkən vətəndaşlarımızı son dərəcə diqqətli olmağa səsləyib. O, bildirib ki, ermənilər döyüş meydanında deyil, ancaq yalan və böhtan atmaqda güclüdür:

“Vətəndaşlarımız tarixdən çox gözəl bilir ki, məkrli, hiyləgər düşmənlə üz-üzəyik. Onlarda heç bir dəyər yoxdur. Bir millət ki, tarixi yoxdur, mətbəximizi, geyimimizi, musiqimizi oğurlayır, ərazilərimizi işğal etmək istəyir. Onlardan hər şey gözləmək olar. 2016-cı il aprel və 2020-ci il iyul hadisələrində şahidi olduq ki, ermənilər nə qədər dezinformasiyalar yaydı. Döyüşlərdə canlı qüvvəsini, hərbi texnikasını itirir. Dünya görür ki, Azərbaycan öz torpaqlarını işğaldan qanunla və qətiyyətlə azad edir. Belə bir vaxtda onlar artıq yaşı 60-dan çox olanları səfərbər edir. Bu da bir daha sübut edir ki, ermənilər döyüş meydanında çox zəif, ancaq yalan və böhtanlarda güclüdür. Ehtiyatlı olmalıyıq. Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi bununla bağlı bəyanat yaydılar. Yalnız dövlətin rəsmi məlumatlarına inanmaq, düşmənin və yeni yaranan şübhəli resursların, sosial şəbəkə qruplarının fikirlərinə inanmamaq, bütün informasiyalara şübhə ilə yanaşmaq, yüz ölçüb bir biçmək lazımdır. Azərbaycan çox güclü informasiya siyasəti aparır, hər şey müharibə dövrünün qanunlarına uyğundur. Hərbi vəziyyətə uyğun yaşamalıyıq. Hər birimiz əsgərik, məsuliyyətimiz var. Hər kəs daşıdığı hərbi və dövlət sirrini qorumalıdır”.

Ekspertin sözlərinə görə, hazırda müstəqillik tariximizin ən mühüm dövründəyik və uğurlarımızı qorumaq üçün hər kəs məsuliyyətli olmalıdır:

“Xüsusən, hərbi məlumatları tam oxumamış paylaşmaq olmaz. Çünki yazının əvvəli maraqlı olsa da, içərisində çox ziyanlı bir sayta keçid, yaxud fikir ola bilər. Ermənilər azərbaycanlıların adına çoxlu sayda sayt, sosial şəbəkə profili və s. yaradıblar. Son dərəcə ehtiyatlı olmalıyıq. Müstəqil Azərbaycan tarixinin ən mühüm mərhələsidir. Həm güclü ordumuz, həm də diplomatiyamız var. Həm də, dediyimiz kimi, uğurlu informasiya müharibəsi də aparırıq. Çalışıb bu uğurları qorumaq lazımdır. Fikir verirsiniz, düşmən işğal etdiyi ərazilərimizdən təmizləndikcə bunun əvəzində Gəncə, Mingəçevir, Tərtər, Beyləqan və s. yaşayış məntəqələrimizi atəş altında saxlayır. Yəni, bu düşmən üçün heç bir dəyər yoxdur. Dünyanın ən məkrli, hiyləgər, riyakar, şərəfsiz, terrorçu dövləti ilə qonşuyuq. Buna görə də ehtiyatlı olmalıyıq. Hazırkı durum müharibə üçün idealdır. Həm ordumuz, həm də bütövlükdə dövlətimiz qüdrətlidir və başladığımız bu müqəddəs işin nəticəsi uğurlu olacaq”.

Dİgər xəbərlər