15:44
04 Oktyabr 2020

Gəncədə ermənilərin artilleriya atəşindən sonrakı dağıntıların GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, düşmənin atdığı raket zərbələri nəticəsində ilkin məlumata əsasən, əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Dağıntılar altında qalaraq xəsarət alan iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xarici İşlər Nazirliyi də "Twitter" səhifəsində Gəncənin atəşə tutulması ilə bağlı məlumat yayıb. Bildirilir ki, Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.

Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilir ki, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Dİgər xəbərlər