817
14:20
12 Sentyabr 2020

Bu gün Ümumdünya İlkin Tibbi Yardım Günüdür

Bu gün Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.

e-tibb.az xəbər verir ki, bu, 2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə hər il sentyabrın ikinci şənbə günü qeyd olunmağa baəlayıb. Bu dəfə bu günün qeyd olunması sentyabrın 12-nə təsadüf edir. Dünyada ilk dəfə ilkin tibbi yardımın hələ 19-cu əsrin sonlarında yarandığı bildirilir. Azərbaycanda ilk təcili tibbi yardım xidməti 1922-ci ildə formalaşıb.

20-ci əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edildiyi bildirilir. Sabunçu ərazisində bir həkim və iki akuşerin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb.

Statistikaya əsasən, Azərbaycanda 79 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir və ötən il ərzində həmin müəssisələrdə 1 milyon 725 mindən çox xəstəyə ilkin tibbi yardım göstərilib. Ötən il kənd yerlərində 1775 tibb məntəqəsinə 2 milyon 586 mindən çox müraciət daxil olub.

Bu gün Bakıda çalışan təcili tibbi yardım həkimlərinin sayı açıqlanıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev bildirib ki, pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. O, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyətinin çalışdığını bildirib.

R. Nağıyev deyib ki, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən etibarən təkcə Bakı şəhəri üzrə deyil, həm də ətraf ərazilərdə yaşayanlar ilk olaraq 103 Çağrı Mərkəzinə müraciət edib: “Biz Sumqayıt şəhəri və Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb”.