Kanadada yerin təxminən üç kilometr dərinliyində Yer kürəsinin ən qədim suyu aşkarlanıb. Geoloqlar Ontario əyalətinin şimalında, Timmins şəhəri yaxınlığında yerləşən Kidd-Krik mədənində təxminən iki milyard il yaşı olan su nümunələri tapıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu kəşf artıq planetdə məlum olan ən qədim maye su hesab edilir. Bu barədə “Space Daily” nəşri yazıb.
Aşkarlanan su, Yer üzündə yalnız mikroorqanizmlərin mövcud olduğu dövrdən bəri qayaların dərin qatlarında təcrid olunmuş vəziyyətdə qalıb. Bu, ilk bitkilərin və heyvanların yaranmasından çox əvvəlki dövrə təsadüf edir.
Araşdırmaya Barbara Şervud Lollar rəhbərlik edib. Toronto Universitetinin professoru olan alim ilk dəfə bu mədəni 1992-ci ildə ziyarət edib. Onun komandası 2013-cü ildə “Nature” jurnalında 2,4 kilometr dərinlikdə 1,5 milyard il yaşı olan suyun aşkar edilməsi ilə bağlı məqalə dərc edib. Daha sonra təxminən üç kilometr dərinlikdə aparılan qazıntılar zamanı daha qədim su ehtiyatları tapılıb.
Gözləntilərin əksinə olaraq, su qayalardakı çatlar və quyulardan dəqiqədə bir neçə litr sürətlə axıb. Alimlər suyun yaşını müəyyən etmək üçün onun tərkibində həll olmuş nəcib qazların ölçülməsi metodundan istifadə ediblər. Bu qazlar ətraf qayalarda baş verən radioaktiv parçalanma nəticəsində sabit sürətlə toplanır və suyun nə qədər müddət ərzində səthdən təcrid olunduğunu müəyyən etməyə imkan verir.
Tədqiqatlar göstərib ki, aşkar olunan maye dəniz suyundan təxminən 10 dəfə daha duzludur. Onun qatı konsistensiyaya, acı dada və kükürd qoxusuna malik olduğu bildirilib. Həmçinin, tərkibindəki dəmirin oksigenlə reaksiyaya girməsi nəticəsində su hava ilə təmasda narıncı rəng alır.
Kimyəvi analizlər suyun tərkibində sulfatlar və həll olmuş hidrogenin olduğunu ortaya çıxarıb. Bu isə həmin mühitdə bioloji aktivliyin mövcudluğuna işarə edib. Sonrakı araşdırmalar sulfatı reduksiya edən bakteriyaların mövcudluğunu təsdiqləyib.
Bu mikroorqanizmlər tam qaranlıq şəraitdə və günəş işığından tam təcrid olunmuş halda yaşayırlar. Onlar enerjini su ilə qayalar arasında baş verən kimyəvi reaksiyalar hesabına əldə edirlər.
Alimlərin fikrincə, bu nəticələr işıq olmadan fəaliyyət göstərən dərin və təcrid olunmuş biosferin mövcud olduğunu göstərir.
Kəşf NASA mütəxəssislərinin də diqqətini cəlb edib. NASA gələcək kosmik missiyalara hazırlıq məqsədilə Kanada mədənini Yer üzərindəki analoji model kimi istifadə edir.
Əgər Yerin dərinliklərində belə şəraitdə həyat mövcud ola bilirsə, oxşar ekosistemlərin Marsın yeraltı qatlarında yaxud Yupiterin və Saturnun buzla örtülü peykləri olan Europa və Enceladus daxilindəki okeanlarda da mövcud olması mümkündür.
Hazırda alimlər digər qitələrdə də oxşar qədim su ehtiyatlarının axtarışını davam etdirirlər.