Meksika futbolunda faciəli hadisə baş verib. Milli futbolun gələcək ulduzlarından biri hesab edilən 19 yaşlı qapıçı İsabel Akosta Ernandes müəmmalı şəraitdə dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Sinaloa ştatının Masatlan şəhərindən olan gənc futbolçu iyunun 9-da öz evində ölü halda tapılıb. Hadisə yerinə çağırılan tibb işçiləri qızın artıq öldüyünü müəyyən ediblər.
Gənc idmançının ölüm şəraiti hələ də aydın deyil. Hadisə yerinə baxış keçirən polis əməkdaşları evdə zorakılıq və ya mübarizə izlərinə rast gəlməyiblər. İlkin məlumata görə, qapı və pəncərələr içəridən bağlı olub, evdəki əşyalar isə yerində qalıb. Bu da kənar şəxslərin evə daxil olması ehtimalını zəiflədir.
Bununla belə, istintaqçılar daha ətraflı araşdırma aparmaq üçün Ernandesin yaşadığı ərazini nəzarətə götürüblər. Hazırda futbolçunun ölümü ilə bağlı hər hansı saxlanılan şəxsin olduğu barədə məlumat verilməyib.
Qapıçı İsabel Akosta Ernandes regionun ən perspektivli gənc futbolçularından biri hesab olunurdu. O, karyerasına "Mazatlan" klubunda başlayıb və 19 yaşınadək burada çıxış edib.
Son vaxtlar isə Meksika çempionatının üçüncü divizionunda mübarizə aparan "Obson Dynamo" klubuna keçərək inkişafını burada davam etdirmək qərarına gəlib. Maraqlıdır ki, yeni komandasında Ernandes yalnız qapını qorumur, eyni zamanda gənc futbolçuların məşqçiliyi ilə də məşğul olurdu.
Komanda yoldaşları və məşqçilər onu əsl lider və yüksələn ulduz kimi xarakterizə edirdilər. Onun futbol akademiyasından peşəkar səviyyəyə qədər yüksəlməsi Meksikada bir çox qız uşağı üçün ilham mənbəyinə çevrilmişdi.
Qeyd edək ki, hadisənin baş verdiyi Sinaloa ştatında hazırda təhlükəsizliklə bağlı vəziyyət gərgindir. “Need To Know” nəşrinin yazdığına görə, bölgənin kənd ərazilərində mütəşəkkil cinayətkar qrupların və narkokartellərin fəallığının artması səbəbindən yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
Bununla belə, rəsmi qurumlar hələlik futbolçunun ölümünün bölgədəki kriminal vəziyyətlə əlaqəli olması versiyasını təsdiqləmirlər və daha çox bədbəxt hadisə ehtimalını nəzərdən keçirirlər.
19 yaşlı, sağlam idmançının ölümünə nəyin səbəb olduğu məhkəmə-tibbi ekspertizasının nəticələrindən və aparılan araşdırmalardan sonra məlum olacaq.