Norveçin paytaxtı Oslonun dairə məhkəməsi vəliəhd şahzadə Mette-Maritin böyük oğlu, 29 yaşlı Marius Borq Höybini 4 il müddətinə azadlıqdan məhrum edib. O, bir sıra cinayət əməlləri, o cümlədən zorlama ittihamları üzrə təqsirli bilinib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Marius Borq Höybi dörd zorlama epizodu üzrə ittiham olunub. Lakin məhkəmə onu bu ittihamlardan ikisi üzrə təqsirsiz hesab edib. Prokurorluq təqsirləndirilən şəxs üçün 7 il 7 ay həbs cəzası tələb etsə də, müdafiə tərəfi cəzanın 1 il 6 ayla məhdudlaşdırılmasını istəyib.
Höybi zorlama ilə bağlı bütün ittihamları rədd edib, lakin daha yüngül hüquq pozuntuları üzrə təqsirini etiraf edib.
Marius Borq Höybi Norveç vəliəhd şahzadəsi Mette-Maritın əvvəlki münasibətlərindən olan böyük oğludur. O, Norveç taxtının varisi vəliəhd şahzadə Haakonun ögey oğludur. Höybinin kral titulu yoxdur və o, kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirmir.
Eyni zamanda, ABŞ-da mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərc edilməsindən sonra Norveçdə Mette-Marit ətrafında da qalmaqal böyüməkdədir. Bu hadisələr fonunda vəliəhd şahzadənin ailəsi yenidən ictimai diqqət mərkəzinə düşüb.