İki helikopter toqquşdu, dünyaca məşhur müğənni öldü
15 iyun 2026 15:56 (UTC +04:00)

İki helikopter toqquşdu, dünyaca məşhur müğənni öldü

0

Amerikalı musiqiçi Oliver Tree Braziliyada helikopter qəzasında həlak olub. “The Guardian” nəşrinin yaydığı məlumata görə, 32 yaşlı sənətçi Rio-de-Janeyroda baş verən faciənin qurbanlarından biri olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bazar günü səhər saatlarında Rio-de-Janeyronun Rekreyo-dus-Bandeyrantes rayonu səmasında iki helikopter toqquşub. Helikopterlərdən birində beş nəfər, digərində isə yalnız pilot olub. Qəza nəticəsində hər iki hava nəqliyyat vasitəsi şəhərin qərb hissəsinə düşüb və göyərtədə olan altı nəfərin hamısı ölüb. Yerli KİV-lərin məlumatına görə, ölənlər arasında Oliver Tree də olub.

Rio-de-Janeyro Hərbi Yanğınsöndürmə Xidməti bildirib ki, helikopterlərdən biri elektrik avtomobillərinin satıldığı avtosalonun üzərinə düşüb. Nəticədə ərazidə yanğın baş verib və təxminən 20 avtomobil alovlanıb. Yanğın daha sonra söndürülüb.

“The Guardian” yazır ki, sərnişin siyahısında Oliver Tree ilə yanaşı, braziliyalı musiqi prodüseri, argentinalı videorejissor və internetdə “Gaspi” adı ilə tanınan argentinalı yutuber Gaspar Prim də yer alıb. Lakin qurbanların cəsədlərinin güclü şəkildə yanması səbəbindən onların rəsmi identifikasiyası hələ başa çatdırılmayıb.

Qeyri-adi "kasa" saç düzümü və internet obrazı ilə tanınan Oliver Tree "Life Goes On", "Miss You" və "Alien Boy" kimi mahnıları ilə məşhurlaşıb. “Spotify” platformasında onun aylıq dinləyici sayı 11 milyondan çoxdur. Ən populyar mahnıları isə ümumilikdə 700 milyondan artıq dinlənilib.

Sənətçi dünya turnesi çərçivəsində yeddi qitədə, 30 ölkədə 70-dən çox konsert verməyi planlaşdırırdı. O, iyunun 4-də Argentinanın Buenos-Ayres şəhərində çıxış edib, faciədən bir gün əvvəl isə Braziliyada futbol oynadığı anları sosial şəbəkədə paylaşıb.

Oliver Tree 2024-cü ildə alman prodüser Robin Şkulz ilə birlikdə ifa etdiyi "Miss You" mahnısına görə “Brit Awards” mükafatına namizəd göstərilib. Mahnı Böyük Britaniyanın sinql çartında üçüncü pilləyədək yüksəlmişdi.

Bundan əlavə, sənətçi 2020-ci ildə 4,16 metr hündürlüyündə və 3,13 metr uzunluğunda olan ən böyük skuterlə bağlı “Ginnesin Rekordlar Kitabı”na imza atmışdı. Rekordlar Kitabının məlumatına görə, bu nailiyyət onun "ömürlük arzusunu reallaşdırmaq" məqsədilə əldə olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar