08:21
04 Sentyabr 2020

Marsa göndəriləcək gəminin növbəti uçuş sınağı həyata keçirildi

ABŞ-ın “SpaceX” aerokosmik şirkəti gələcəkdə Mars planetinə uçmağa imkan yaradacaq “Starship” gəmisinin prototipinin növbəti sınağını həyata keçirib.

APA xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Məlumata görə, sınaq uçuşu Texas ştatının Boka-Çika rayonundakı poliqonda baş tutub. SN6 modifikasiyalı gəmi 45,7 metr yüksəkliyə qalxıb və uçuş panelinin yaxınlığındakı asfalt meydançada səthi eniş edib.

Bildirilir ki, bu, “Starship” gəmisinin son bir ay ərzində həyata keçirilmiş ikinci uğurlu sınağıdır, bundan əvvəlki sınaq avqustun 5-də baş tutub.

May ayında “Starship” gəmisinin digər prototipi Boka-Çika poliqonunda sınaq zamanı partlayıb. Gəminin sınaqları bu ilin aprel və fevral aylarında, eləcə də keçən ilin noyabrında da oxşar partlayışlarla sona çatıb. Avqustun əvvəlində kosmik gəminin prototipi 150 metr yüksəkliyə qalxaraq, ilk uğurlu uçuşunu reallaşdırıb.

Dəfələrlə istifadə edilə bilən “Starship” gəmisi Marsa uçuşlar üçün nəzərdə tutulub və 100 nəfər daşıya biləcək. “SpaceX” şirkətinin yaradıcısı İlon Mask avqustun 31-də öz açıqlamasında bildirib ki, kosmik gəminin yerətrafı orbitdəki ilk sınaq uçuşu 2021-ci ildə reallaşdırıla bilər.

Dİgər xəbərlər