14:33
25 Avqust 2020

Narkotacir saxlanıldı: külli miqdarda oğurluq edənləri "satdı"

Şirvan sakinləri 5 mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıblar.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, əvvəllər məhkum olunan, 27 yaşlı Qafarlı Əlizadə Rövşən oğlu saxlanılıb. Onun evinə baxış zamanı oradan satış məqsədi ilə saxlanılan narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. İstintaqa məlum olmayan mənbədən əldə olunan 8 ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə olan qurudulmuş marixuana və heroini satış məqsədi üçün nəzərdə tutulduğu müəyyən edilib. Həmçinin axtarış zamanı mənzildən çoxlu sayda müxtəlif markalı mobil telefonlar və məişət əşyaları aşkarlanıb.

Ehtimal olunur ki, mənzildə aşkarlanan müxtəlif markalı mobil telefonlar və məişət əşyaları narkotik vasitələrin nağd pulla satışı ilə yanaşı, natura şəkilində satışı həyata keçirilməsi müqabilində əldə edilib.

İstintaqla müəyyənləşib ki, həmin ünvanda aşkarlanan rəqəmsal televizor oğurluq olub. Televizoru ona narkotik vasitənin əvəzində Şirvanda silsilə oğurluqlar edən şəxslər verib. Beləliklə istintaq zamanı oğurlanan televizorun izi ilə keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində silsilə oğurluqlar edən Şirvan sakinləri, 24 yaşlı Eyvazov Fərhad Fizuli oğlu və onun həmyaşıdıXəlilov Qəribağa Yengibar oğlu saxlanılıb. Saxlanılan sonuncu 2 nəfər əlbir olaraq hələlik istintaqa məlum olan 5 evdən ümumilikdə dəyəri 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıb.

Adı çəkilən şəxslər bu ilin yanvar ayının 29-da Şirvan sakini G.Gözəlova məxsus mənzildən 11290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 ABŞ dolları nağd pul-ümumilikdə 12650 manat dəyərində zərər vurmaqla oğurluq ediblər.

May ayında Şirvan sakini, X.Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10000 min dollar nağd pul- ümumilikdə 19270 manat məbləğində ziyan vurmaqla oğurlayıblar.

İyun ayında Şirvan sakini, H.Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları - ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

Avqust ayında Şirvan sakini, F.Axundova məxsus mənzildən bir ədəd 1300 manat dəyərində 2 ədəd plazma televizor, 700 manat dəyərində noutbuk və digər məişət əşyaları- ümumilikdə 2150 manat məbləğində ziyan vurmaqla oğurlayıblar.

İstintaq daha bir evdən oğurluq olunması barədə məlumat əldə edilsə də həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar həmin sakinin müraciətindən sonra araşdırılacaq.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Dİgər xəbərlər