İyulun 12-də dövlət sərhədimizdə erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid oldu. Lent.az şəhidlərimizin ailəsindən silsilə reportajlara başlayır.
İlk reportajımız Ağstafa rayonunun Yuxarı Göycəli kəndindən, şəhid Vüqar Sadıqovun ailəsindəndir.
***
...O uşaqların gözlərinə baxmaq olmur. Yaşarın və bacılarının. Hə, o uşaqlardan danışıram. Atalarının dəfnində bacılarının göz yaşlarını silən Yaşar və iki bacısından. Şəhid Vüqar Sadıqovun ciyərparalarından...
...Mən Vüqarın doğulub boya-başa çatdığı, son mənzilə yola salındığı o evə, onun dəfnindən 9 gün sonra getmişdim. Və mən o qapıya gələn, sanki illərdi tanıdığı ən əziz adamı kimi boynuma sarılan bu uşaqların üzündə bir həqiqəti də kəşf etdim: Onlar bu 9 gündə bəlkə də 90 il böyüyüblər.
“Mən fəxr edirəm ki, şəhid balasıyam”
Yaşar deyir bunları. Bundan sonra bacılarını o böyüdəcək. Hərbçi olmaq istəyir o da, atası kimi. Amma arxeoloq olmaq istəyirmiş. Lənətə gəlsin müharibəni, hələ böyüməmiş bir uşağın uşaqlıq arzusunun belə üstündən xətt çəkdi.
Hə, baclarını o böyüdəcək. Elə atası Vüqar kimi. Özündən yaşca kiçik iki bacının yeganə qardaşıydı Vüqar. 12 yaşından, hə, düz oxudunuz, 12 yaşından Ağstafanın Yuxarı Göycəli kəndindəki bu evin əziyyətini çəkmək onun çiyinlərinə düşüb. Atası Lətif kişi ağır xəstə olduğundan, dəfələrlə əməliyyata məruz qaldığından, evin bütün yükünü, qayğılarını məhz o daşıyırdı uşaq çiyinlərində.
33 yaşı vardı Vüqarın. Bitməz, tükənməz də arzuları. Həyat yoldaşı Günay deyir ki, ən böyük arzusu övladlarına təhsil vermək idi.
- Deyirdi universitetin bitirəcək üçü də. Sonra nəvələrim olacaq. Mən də pensiyaya çıxıb, onları oynadacam.
Uşaqlıqdan isə ən böyük arzusu hərbçi olmaq imiş. Anası Zeynəb xanım deyir ki, uşaqlıqdan əlindən gəlməyən iş yox idi.
- Atasının köhnə maşını vardı. Tez-tez xarab olardı. Gecəylə maşını düzəldərdi. Haradan öyrənmişdi bu maşın düzəltməyi, kimdən öyrənmişdi, bilmirdik. Məktəbdə yaxşı oxuyurdu. İdmanla məşğul olub, karateyə gedib. O qədər əziyyətli böyüyüb ki. Evdə bağ işi, sahə işləri görüb. Hə, yadıma düşdü – ilk dəfə üzü güldü Zeynəb xanımın - bir həftə də saz çalmağı öyrənmək üçün ustad yanına getdi. Bir həftəyə üçü-dörd havanı da çalmağı öyrəndi. Qayıtdı ki, ay ana, bax, bunu da öyrəndim.
İlk hərbi xidmətini Füzulidə, Şükürbəyli kəndində çəkibmiş Vüqar.
- Sağ-salamat gəldi. Dedim oğul, usta yanına get, maşallah, hansı sənətə əl atsan, tez götürəcəksən. Dedi, yox, hərbiyə gedəcəm. Yalvar-yaxar etdim. Naəlac razılaşdı. Bir il Bakıda işlədi. Sonra Rusiyaya getdi. Gördü alınmır heç yerdə. Qayıtdı gəldi ki, mən hərbiyə yazılıram. Mən də bir ana kimi qorxurdum. Bir oğuldu. Dedim, getmə hərbiyə. Dedi, mən bu yolu seçmişəm, gedəcəm. Səngərdə yatan oğlanların da anaları var.
Beləcə, hərbi təlimlərə başlayır, bundan sonra isə müddətdən artıq xidmətə. Atası Yaşar kişi deyir ki, bir də gördün bir ay qalırdı təlimdə, evə gəlmirdi. Gələndə də 15 dəqiqə, 1 saat qalıb qayıdırdı. Fikri-zikri ancaq səngərdə, hərbçi yoldaşlarının yanındaydı.
- Ölümündən iki gün əvvəl gəlmişdi, axşam saat 7 olardı. Dedim ay oğul, qalacaqsan? Dedi yox, 15 dəqiqəliyə gəlmişəm. Dedim, heç olmasa bir gecə qalsana, 15 dəqiqə nədi axı. Dedi, ay ata, qayıtmalıyam. Gəldim ki, uşaqları qucaqlayıb öpüb gedim. Uşaqlara elə sarıldı ki, sanki hiss edirmiş…(Kövrəlir) Qucaqladı, durmadan öpürdü hər üçünü, duz kimi yalayırdı... (Göz yaşlarını saxlaya bilmir)
Və mən…söhbəti saxlayıram…
***
Anası Zeynəb xanım davam edir:
- Səkkiz il idi, hər dəfə evə gələndə atası aparıb yola salardı. Körpüyə kimi bir yerdə gedərdilər, körpüdə sağollaşardılar. Bu dəfə həmin körpüyə çatanda atasını qucaqlayıb, deyib ki, gəl halallaşaq. Atası qayıdıb ki, niyə ay bala, nə olub. Gülüb deyib ki, ürəyim belə istəyir. Qucaqlaşıb, halallaşıblar.
Bu dəfə anası göz yaşlarını saxlaya bilmir.
Səhəri gün saat 10-da Vüqarla telefonla danışıblar. Vüqar deyib ki, bayaqdan postdaydıq, indi gəlmişik. Axşam zəng eləyib ki, yenə posta gedirik. Sanki ürəklərinə damıbmış kimi iki dəfə də danışırlar. Artıq Tovuz cəbhəsindən ağır döyüşlərin getdiyi barədə xəbərlər gəlir. Atası dözmür, növbəti dəfə Vüqarın nömrəsini yığır. Amma…
Amma bu dəfə ona zəng çatmır.
***
- Otururdum televizorun qabağında ancaq xəbərləri izləyirdim. Mən də, atası da televizorun qabağından əl çəkmirdik. Xəbər gəldi ki, Tovuzda güclü atışma olub. İki nəfər şəhidimiz var. Əlimizi göyə qaldırıb dua etdik, şəhidlərə rəhmət dilədik. Ürəyimiz də Vüqarın yanında. Nə biləydik ki, şəhid olanların biri elə Vüqardı.
Taleyin işinə bax, həmin vaxt Lətif kişi televizorun qarşından durub nəvələrini və gəlinini səsləyir. Axşamdan söz veribmiş ki, onlara parka aparacaq, əylənəcəklər. Gəlini, həmin vaxt onlarda olan qızı, nəvələri geyinib hazırlaşırlar. Evdən çıxıb, kənddəki parka tərəf yollanırlar. Və bir də görürlər ki…
...Parka gedən yolda onları əllərində Azərbaycan bayraqları olan, “Şəhidlər ölməz, Vətən bölünməz” hayqıran minlərlə insan qarşılayır. Bu adamlar hara gedir belə deyə düşünürlər. Kənd camaatı, tanımadığı şəxslər…bir sözlə insan seli. Duruxub qalırlar.
Və...
Və bir də bir də görürlər ki, insan seli məhz onların küçəsinə tərəf yön alır. Onda, hə, məhz onda başa düşürlər ki, şəhid olanlardan biri elə Vüqardı.
- Bir var evdən gedən, bir var eldən. Vüqar eldən gedən oğul idi. Düzdü, özümü tox tutmağa çalışıram ki, şəhid anasıyam. Oğlum bu vətən üçün getdi. Amma anayam, ay qardaş, ana. Ürəyim göynəyir axı. Tək oğul idi, itirdim. Arxa dayağım getdi. Axırıncı dəfə ayrılanda cibindən çıxarıb mənə bir şəkilini verdi. Boynumu qucaqlayıb dedi ki, şəhid olsam, bu şəkilimi böyüdərsiz. (Ağlayır) Boyuna qurban olaydım, ay oğul. Elə dediyin kimi də etdik.
Anası deyir ki, kənd camaatının, dostlarının içində çox böyük hörməti vardı. Uşaqlıqdan istiqanlıydı.
- Amma o uşaqlıq keçirmədi. O, uşaq olmamış kişiləşdi. Məsuliyyət dərk edən idi. Yoldaşım xəstə, mən işləmirəm. Çox darıxırdım, fikir çəkirdim. Amma o mənə ürək-dirək verirdi. Deyirdi ay ana, hər şey düzələcək, necə olsa vəziyyətdən çıxacağıq. Bu il taxıl biçilən vaxt sahəni dolu vurdu. Kombayn sahəyə girə bilmədi. Mən dedim ay Allah, üç uşaq, biz, buğda yox, nə yeyəcəyik qışda? O, sinif yoldaşlarını yığdı başına, taxılı qoluyla biçdi, oraqla. Ot bağlatdı, satdı. Qarğıdalı əkdi. Qarğıdalını biçib satdı. Dedi ana, mən qoymaram siz, balalarım sıxıntı çəkəsiniz. Belə bir oğul idi, arxaydı Vüqar. Özümə o qədər ağırdı ki onun haqqında danışmaq. Amma bilirəm ki, möhkəm olmalıyam. Bu uşaqların, onun yadigarlarının naminə.
***
Uşaqlar…
Qızları hələ də dərk etmirlər nə baş verdiyini. Amma oğlu Yaşar bir gecə də böyüdü, kişiləşdi. Nənəsinə deyir:
- Nənə, sən ağlama. Mən arxeoloq olacaqdım, amma hərbiçi olub atamın qisasını alacam.
Qızı Zeynəb isə dumduru gözləri ilə qardaşına elə fəxrlə baxır ki… Hə o gözlərlə, qardaşının atasının məzarı önündə yaşını sildiyi o dumduru gözlərlə...
Sona Salman
Səbuhi Məmmədli